Vəkil: “Şəxsi əşyaların gömrüyə cəlb edilməsi birmənalı olaraq qadağandır”
Ölkəyə gələrkən şəxsi istifadə üçün aldığınız əşyaların fotolarına sosial mediada rast gələ bilərsiniz. Belə ki, martın 23-də Dövlət Gömrük Komitəsi İstanbul-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşını gömrük yoxlamasına cəlb edib.
Qurum yaydığı məlumatda qeyd edib ki, yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
Bəs görəsən, şəxsi əşyalar üzərində gömrük yoxlamasının aparılması, əlavə gömrük rüsumlarına cəlb edilməsi, bu barədə görüntülərin dərc edilməsi qanunidirmi?
Vəki Elçin Sadıqov Abzas Media-ya deyir ki, Nazirlər Kabinetinin 2013-cü ildə qəbul etdiyi 305 saylı qərarın 1.5-ci maddəsində qeyd olunur ki, şəxsin özü və ailə üzvlərinin istifadəsi üçün olan bütün əşyalar gömrük rüsumundan azaddır.
Onun sözlərinə görə, qanunda həm də o qeyd olunur ki, eyni əşyadan 2 ədəddən çox olarsa, ondan artıq hissəsi gömrük rüsumuna cəlb oluna bilər, o da 800 dollardan artıq dəyəri olduqda:
“İndiki halda əlavə gömrük rüsumu da tutula bilməz. Gömrükdə müsadirə edilən əşyalardan da görünür ki, həmin əşyalar şəxsi əşyalardır. Buna görə də, onların gömrüyə cəlb edilməsi birmənalı olaraq qadağandır. Amma edilməsinin səbəbi odur ki, həddən artıq yüksək gömrük rüsumları var və Dövlət Gömrük Komitəsi sanki başqa qurumlarla yarışa girir ki, büdcəyə daha çox pul ödəyəcək. Bu da qanunsuz yollarla əldə edilmiş ödənişlərdir”.
Vəkil deyir ki, şəxsi əşyalara aid görüntülərin yayılması yerli qanunvericiliklə yanaşı beynəlxalq konvensiyalarla da qadağandır.
“Şəxsi əşyalara baxış gömrük orqanının qərarı ilə həyata keçirilir və prosedurlara uyğun aparılır, inanmıram burada elə olsun. Fotodan görünür ki, orada alt paltarları da var, əşyalar şəxsi əşyalardır və şəxsi əşyalara dair görüntülərin yayılması şəxsi həyata müdaxilədir, Avropa İnsan Hüquqları Konvensiyası 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) pozuntusudur” – deyə vəkil Elçin Sadıqov bildirib.
Dövlət Gömrük Komitəsi sosial media hesabında bu iradlara cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına görə vətəndaş şəxsi istifadə üçün hər ay 800 dollar dəyərində mal gətirə bilər.
“Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır”- Komitənin cavabında qeyd olunub.
Amma Komitə şəxsi əşyaların fotosunun niyə çəkilib, paylaşılması ilə bağlı suallara cavab verməyib.