Vəkil: "Rüşvət cinayətinə görə işə xitam verilə bilməz"
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb.
APA məlumat verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər.
Məhkəmə bunu əsas götürərək cinayət işlərinə xitam verib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Polkovniklər Rəşad Babayev və Şükür Səfərov "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "təkrar külli miqdarda rüşvət alma" maddələri ilə ittiham olunurdular.
Vəkil Elçin Sadıqov Abzas Media-ya bildirib ki, bu maddə ilə həbs qətimkan tədbirinin dəyişdirilməsi, işə xitam verilməsi ilk belə haldır. O əlavə edib ki, bu maddələrlə ittiham zamanı rüşvət verən tərəf zərərçəkmiş şəxs hesab olunmur, ona görə də dəymiş zərərin ödənilməsindən söhbət gedə bilməz:
“Adətən qətimkan tədbiri dələduzluq, mənimsəmə cinayətlərində zərərin ödənilməsi əsası ilə dəyişdirilə bilir. Qanunvericilikdə bu əsas olmasa da, birbaşa Cinayət Məcəlləsinin özündə də qeyd olunub ki, zərəri ödədikdə və dövlətə vurulmuş müəyyən faiz məbləğdən asılı olaraq ödənildikdə şəxs məsuliyyətdən azad edilə bilər. Amma rüşvətxorluqda belə bir dəyişmə əsası mövcud deyil” – Elçin Sadıqov deyib.
Vəkil qeyd edib ki, rüşvət cinayətinə görə işə xitam verilə bilməz.
Polkovniklər Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən ilin iyulunda keçirdiyi əməliyyatla həbs olunublar. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Rəşad Babayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur.
R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.