Naxçıvan Dövlət Universitetində tələbələrə qoyulan geyim qadağası aradan qaldırılıb

Naxçıvan Dövlət Universitetində tələbələrə qoyulan geyim qadağası aradan qaldırılıb
31 Mart 2023
Mətni dəyiş

Sözügedən qadağa Naxçıvan ərazisindəki digər universitetlərdə hələ də qüvvədədir


Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün forma məhdudiyyəti aradan qaldırılıb. 

Universitetin tələbələri bu barədə Abzas Media-ya məlumat verib. 

Belə ki, NDU-nun tələbələri dərsə sərbəst şəkildə geyinib gələ bilərlər. Amma bəzi qadağalar universitetdə hələ də aktualdır. 

Məlumata görə, qızların auditoriyaya qısa ətək, kəsik-kəsik şalvar, qısa köynəklər geyinib gəlməsinə icazə verilmir. Oğlanlar isə qısa saqqalda gələ bilərlər. 

Yeni qaydaya qədər tələbələr universitetə xüsusi forma ilə gəlirdilər. 

Sözügedən qadağa Naxçıvan MR ərazisindəki digər universitetlərdə hələ də qüvvədədir.

Universitetə xüsusi forma ilə gəlmək Naxçıvanda tətbiq olunan yeganə qəribə qadağa deyil. 

Naxçıvan MR-nin Ali Məclisinin keçmiş sədri Vasif Talıbov 2022-ci il dekabrın 21-də vəzifəsindən istefa verəndən sonra onun dövründə qoyulan bir sıra qadağalar ləğv edilib.

Belə ki, Muxtar Respublika ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələrinin fəaliyyətinə icazə verilib. O zamanadək Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkələrinin, həmçinin taksi xidmətlərinin Naxçıvanda fəaliyyətinə icazə verilmirdi.

Bundan başqa, Naxçıvanda çayxanalar, eləcə də domino və nərdlə bağlı tətbiq edilən qadağalar aradan qaldırılıb. Əvvəllər mağazaların fəaliyyətindən tutmuş radiolarda səsləndirilən xarici mahnılara qədər də müəyyən qadağalar var idi.

Muxtar Respublika ərazisində yas mərasimlərində yas sahibinin süfrəyə müxtəlif şirniyyat, meyvə, çərəz qoyması ilə bağlı qadağa da aradan götürülüb.

Bundan sonra  mərhumun yaxınları ölülərinin baş daşını da istədikləri kimi quraşdıra biləcəklər. İndiyədək başdaşları yalnız xüsusi standartlarla qoyula bilərdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun