Zaur Mikayılov Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunub
Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Bununla bağlı martın 30-da Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.
Sözügedən qurumlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilənə qədər öz fəaliyyətlərini davam etdirəcəklər.
Prezidentin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov yeni yaradılan agentliyinin sədri təyin edilib.
Zaur Mikayılov 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.
Daha sonra Zaur Mikayılov "Paşa Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.
2018-2021-ci illərdə "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub.
"Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "Paşa Holdinq"in strukturuna daxildir.
O, 2021-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.