17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanunun sərtləşdirilməsi istənilir
Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir.
Bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində yer alıb. APA məlumat verib ki, məruzəni Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təqdim edib.
Məruzədə bildirilib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanunda qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.
Aydın Səfixanlı bildirib ki, 2027-ci il 1 iyula qədər qadınların pensiya yaşının 65 yaşa çatdırılması məqsədəmüvafiq deyil.
Bildirilib ki, qadınların pensiya yaşının azaldılmasına ehtiyac var.
A. Səfixanlının məruzəsində həmçinin 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanunun sərtləşdirilməsi də təklif edilib.
Ailə Məcəlləsinin 10.2-ci maddəsinə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir. Ombudsman Aparatının rəhbəri istəyib ki, həmin maddədə istifadə olunan “üzrlü səbəblər” ifadəsinin mənasına qanunla aydınlıq gətirilsin.
Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub.
Məruzədə həmçinin mediada şübhəli, təqsirləndirilən şəxslər barəsində verilən foto və video materiallarda onların üz görüntüsünün yayğın (bulanıq, pikselli və s.) şəkildə təsvir edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilib.
Sənəddə qeyd edilib ki, foto, videolar cinayətdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə, onların ailə üzvlərinə, xüsusən də azyaşlı övladlarına qarşı psixoloji təzyiq vasitəsi (bullinq) kimi istifadə oluna bilər. Bunun qarşısını almaq üçün onların görüntüləri bulanıq verilməlidir.
Ombudsman yaşayış yeri üzrə qeydiyyatda olmağa dair məhdudlaşdırıcı tələbin qanundan çıxarılmasını təklif edib. Bu tələblə yaşadığı ünvanda qeydiyyatda olmayan vətəndaşlar 30 manat cərimələnirlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman Səbinə Əliyevanın yerinə məruzəni Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının oxuması bəzi millət vəkillərinin narazılığı ilə qarşılanıb.
Deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın iclasda iştirakının zəruriliyini vurğulayıb:
“Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?"
Fazil Mustafa da qeyd edib ki, Jalə Əhmədovanın fikirləri ilə razıdır:
"Ombudsmanın komitə iclasına gəlməsinin heç bir ziyanı yoxdur, bu, kommunikasiya üçün faydalıdır".
Aydın Səfixanlı isə qeyd edib ki, qanunvericiliklə Ombudsmanın komitə iclaslarının hamısına gəlmək kimi bir öhdəliyi yoxdur.