Baş Prokuror Kamran Əliyev zərurət olarsa, prokurorluq və DTX əməkdaşlarının İrana ezam olunacaqlarını bildirib
Baş Prokuror Kamran Əliyev 28 fevralda REAL TV-ə müsahibəsində Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müəmmalı məqamların olduğunu bildirib:
“Biz açıq deyirik, orada əvvəla bu şəxsin yarım saat ərzində bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli silahın bu şəxs tərəfindən necə əldə edilməsi... Hətta orada yalnız “Kalaşnikov” silahı olmayıb, onu digər odlu silahı da olub. Bundan başqa, son zamanlar İran mətbuatında yayılan məlumata görə, həmin şəxs artıq psixiatriya xəstəxanasına yerləşdirilib. Bizim üçün bu məsələ də çox qaranlıqdır. Doğrudurmu, deyilmi? Doğrudursa, bunda məqsəd nədir?”
Baş prokuror bildirib ki, işin hallarına əsasən, bu şəxsin tək olmadığını deməyə əsaslar var.
“Bu, təşkil olunub. Cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Bununla bağlı biz Dövlət Təhlükəsizlik Xidməti ilə birlikdə İran tərəfinə hüquqi yardım haqda vəsatət hazırlayırıq. Zərurət olarsa, buradan prokurorluq və DTX əməkdaşları ora ezam olunacaq”– Kamran Əliyev söyləyib.
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Silahlı hücum zamanı bir nəfər həlak olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. İran hökuməti bildirib ki, hadisə şəxsi zəmində baş verib. Hücum edən şəxs yoldaşının səfirlikdə gizləndiyini düşünüb.