Şuşaya turların təşkili AZAL-ın idarə rəisinin şirkətinə verilib

Şuşaya turların təşkili AZAL-ın idarə rəisinin şirkətinə verilib Foto: sputnik.az
6 Mart 2023
Mətni dəyiş

“3 günlük Şuşa turunun qiyməti ölkə üzrə minimum əmək haqqından çoxdur”

Dövlət Turizm Agentliyi Şuşa şəhərinə ilk turist səfərlərinin başlama tarixini açıqlayıb. Bildirilib ki, səfərlər martın 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək.

Şuşaya turist kimi səfər etmək istəyən şəxslər isə, ən azı 215 manatlarından keçməlidirlər.

Belə ki, avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.

Bəs turları hansı şirkətlər həyata keçirəcək?

Turların təşkili “Summer Tour Azerbaijan” MMC-yə verilib. Ancaq digər turizm şirkətləri də “Summer Tour Azerbaijan” MMC ilə əməkdaşlıq çərçivəsində turların təşkilində iştirak
edəcəklər.

Nizamnamə kapitalı min manat olan "Summer Tour Azerbaijan" şirkəti 2019-cu ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi isə Həsənov Niyazi Sabir oğludur. Niyazi Həsənov “Azərbaycan Hava Yolları”nın  (AZAL) Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisidir. Həsənovun adına ikinci turizm şirkəti də var. Belə ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan "Silk Rovv Travel" MMC-nin də qanuni təmsilçisi Niyazi Həsənovdur. Şirkətin rəsmi saytında qeyd olunur ki, "Silk Rovv Travel" MMC AZAL-ın əsas agentidir.

Millət vəkili, parlamentin Mədəniyyət Komitəsinin üzvü Sabir Rüstəmxanlı Abzas Media-ya deyir ki, turun qiyməti daha ucuz ola bilərdi:
“Şuşaya bilet qoy olsun 30-40 manat, 2 günlük oteli də 100 manatdan götürsək, hardasa 150-160 manata başa gələrdi. Amma indi sıradan adamlar üçün çox bahadır. İnsanlar Şuşa həvəsilə yenə gedəcək, amma bu insanların həvəsini, torpağa bağlılığını belə bazarlamaq olmaz. Kimdir bu işi görən şirkətlər? Buna qazanc gözü ilə baxmaq lazım deyil. Bu, Qarabağa dönüş proqramının bir parçasıdır. Camaat Şuşanı, dövlətin orda gördüyü işləri görəcək. Bu, bir reklamdır, insanların öz torpaqlarına isinişməsidir. Bunu bir kənara qoyub kimsə pul qazanırsa, bu, ölçüyə sığmayan bir şeydir”.

Turizm eksperti Əziz Şiriyev deyir ki, Şuşaya səfər qiymətləri hər kəsin cibinə uyğun olmalıdır.

Onun sözlərinə görə, səfərlər qeyd olunan qiymətdən daha baha başa gələcək
 “2 nəfər gedəcəksə, 400 manatdan çox pul xərcləməlidir. Təbii ki, orada nahar yeməyi, şam yeməyi var. Bunlar hardasa ümumilikdə 500 manata başa gələcək. Bu da normal Azərbaycan ailəsinin büdcəsinə uyğun deyil. Orada otellər azdır, rəqabət azdır, getmək istəyən də çoxdur. Bu da qiymət tənzimləməsinə təsir edir. Bu axının qarşısını almaq üçün müəyyən qiymət siyasəti yeridiblər, ancaq inanıram ki, zaman keçdikcə, qiymət düşəcək”.

Şuşa şəhərində yerləşən “Xarı Bülbül” və “Qarabağ” otelləri ilə əlaqə saxlamaq mümkün olmadı. Açıq mənbələrdə bu iki otelin sahibləri, hüquqi təmsilçilərilə bağlı heç bir məlumat yoxdur. Şuşaya səfər zamanı bu otellərdə istirahət edən şəxslər deyirlər ki, otel daxilindəki xidmətlərlə bağlı ödəniş etdikdə onlara ödənişlə bağlı qəbz təqdim edilmir.

AZAL şifahi sorğumuza cavab verməkdən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun