Ləğv olunmuş KİVDFnin keçmiş icraçı direktorunun 1 milyon manata yaxın əmlakına həbs qoyulub
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı Ali Məhkəmə təmin etməyib. Bu barədə Ali Məhkəmənin hakimi Ələsgər Novruzov qərar verib. Ali Məhkəmə əmlakların müsadirə olunması ilə bağlı hissəyə yenidən baxılması üçün işi Apellyasiya Məhkəməsinə göndərib.
Vəkillərin Vüqar Səfərli və onunla birlikdə həbsdə olan Nadir Məmmədova bəraət verilməsi ilə bağlı şikayətləri təmin olunmayıb.
V. Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətinin üzərinə həbs qoyulub.
Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlakları da həbsdədir:
V. Səfərlinin Xətai rayonu, Nobel prospektində yerləşən mağazası,
Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi,
Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzili,
İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və evi,
“Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillərinə də həbs qoyulub.
Əlavə olaraq, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.
Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Fondun sabiq icraçı direktoru Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar. Onlar həm də cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasında təqsirləndiriliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.