Bakı Şəhər Halqası bu il də “Formula 1”in xərclərini və ehtimal olunan gəlirlərini açıqlamır

Bakı Şəhər Halqası bu il də “Formula 1”in xərclərini və ehtimal olunan gəlirlərini açıqlamır Foto: motorsport.com
26 Aprel 2023
Mətni dəyiş

İqtisadçı: “Fikrimcə, bu yarışın ümumiyyətlə birbaşa və ya dolayı qazancı yoxdur”

Bakıda növbəti “Formula 1” yarışlarının başlamasına iki gün qalıb. "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək.

Bu il də şəhərin mərkəzi küçələrində dəmir barmaqlıqlar, piyadalarla yolun hərəkət hissəsini ayıran beton piltələr qurlaşdırılıb. Yarışların keçiriləcəyi günlərdə isə nəqliyyatın intensiv olduğu əsas yollarda hərəkət məhdudlaşdırılacaq. İctimaiyət arasında yarışların keçirilməsilə bağlı müxtəlif narazılıqlar olsa da, hökumət “Formula 1”in dövlət üçün əhəmiyyətli olduğunu bildirir.

Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Abzas Media-ya deyir ki, idman auditoriyası ölkəni tanıtmaq baxımından çox böyükdür.

Onun sözlərinə görə, hökumət ölkənin tanıdılması üçün başqa bir sahəyə də pul ayırsa, bura xərclənən vəsaitdən daha çox olacaq. Amma o, indiki yarış üçün nə qədər vəsait xərcləndiyini bilmir.

“Dəqiq bilmirəm nə qədər vəsait ayrılır, ancaq mənə elə gəlir ki, çox böyük vəsait deyil. Burada istifadə olunan avadanlıqlar artıq çoxdan alınıb, hər il də onları gətirib qoyurlar, sonra sökürlər. Ona görə də indiki xərclər əvvəlki illərdəki xərcdən dəfələrlə aşağıdır”.

Millət vəkili deyir ki, yarışın təşkilatçıları zərərin minimuma endirilməsinə çalışırlar:

“Yarışlar elə bir yeri əhatə edir ki, sənaye obyektlərinin çox olduğu yer deyil. Bunlar hamısı nəzərə alınıb ki, insanların işinə, istirahətinə ciddi təsir etməsin. Məsələn, Sahil bağında insanlar dincəlir. Əgər dənizkənarı bulvara keçmək istəyirlərsə, bunun üçün yerüstü keçidlər var. Bu aylarla olan yarış deyil, 3 gündür. Burda dözülməz heç nə olmasa da, əgər bu yarışlar iqtisadiyyatımız, dövlətimiz, ölkəmizin təbliğ olunması üçün lazımdırsa, hər bizimiz 3 gün ərzində nəyəsə dözməliyik”.

İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, yarışın xərc və gəlirləri ilə bağlı şəffaflıq yoxdur. Şəffaflıq olmadığına görə yarışın gəlir və zərəri barədə dəqiq qiymətləndirmə etmək mümkün olmur.

“Bakı Şəhər Halqası tərəfindən bəyan olunmuş iki hesabatda qeyd edilir ki, yarışların dolayı effekti böyükdür. Çünki yarışlar televizya vasitəsilə göstərilir, nəticədə ölkə reklam olunur və turistlər gəlir. Əlbəttə ki, ölkəyə gələn turistlərin əksəriyyəti "Formula 1" auditoriyası deyil. Bizdə turizm siyasəti Asiya ölkələrinə yönəldilib, ərəb ölkələrinə, Hindistana, Pakistana. Bunlar da "Formula 1" auditoriyası deyil. Faktiki olaraq, hökumətin də bəyan etdiyi dolayı effekt reallıqda yoxdur. Fikrimcə, bu yarışın ümumiyyətlə birbaşa və ya dolayı qazancı yoxdur. Əgər olsaydı, hesabat açıqlanardı, hökumət bunu bildirərdi. Ancaq hesabat da açıqlanmır”.

Bakı Şəhər Halqası əməliyyat şirkətindən bildirilib ki, yarışlara nə qədər vəsaitin ayrılması ilə bağlı dəqiq məlumat onlarda yoxdur.

Azərbaycan 2016-cı ildə Bakı şəhərində "Formula 1 Grand-prix" tədbirini keçirmək barədə müqavilə imzalayıb. 2020-ci ildə yekunlaşmalı olan yarışın müddəti 3 il daha uzadılıb. Bu il də yarışın müddətinin uzadılması üçün təşkilatçılara məktub ünvanlanıb. Hələ ki, təşkilat komitəsinin cavabı açıqlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun