Azərbaycanın itkin düşən ikinci hərbçisi də Ermənistanda saxlanılıb. Ermənistan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Hüseyn Axundov aprelin 13-də Ermənistanın Qarakilsə rayonu ərazisində saxlanılıb.
Ermənistan Telegram kanallarında yayılan video və fotolardan aydın olur ki, hərbçiyə işgəncə verilib. Videoların birində görünür ki, hərbçi Hüseyn Axundov yerdə uzanılı vəziyyətdədir və bir nəfər onun üzünə təpiklə zərbə vurur. Onun alın və gözünün altında qançır izləri, dodağının partladığı görünür.
Bundan əvvəl Azərbaycanın digər hərbçisi 2004-cü il təvəllüdlü Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıb. Ermənistan mətbuatının yaydığı videoda Aqşin Bəbirovu kənd sakinlərinin saxladığı bildirilir. Hərbçi yayılan videoda deyir: "Üç gündür Ermənistandayam. Ağaclıqda, torpaqda yatıram. Üç gündür heç nə yemirəm, heç nə içmirəm. Acından ölürdüm”.
Azərbaycan Müdafiə Nazirliyi 10 apreldə məlumat yayaraq bildirib ki, Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən iki hərbi qulluqçusu istiqaməti itirərək azıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayaraq bildirib ki, hər iki hərbçinin azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.