Təhsil eksperti Vüsal Kərimli: “Universitetlər tədris proqramını özləri hazırlaya bilmirlər"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında ən çox tələb olunan peşə sahələrini müəyyənləşdirib.
Araşdırmalar zamanı 25 min iş elanı toplanılaraq təhlil edilib. Nəticələrə görə, əmək bazarında 17,5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahələrinə tələbat liderlik edir. Digər dördlükdə marketinq və satış (13,9%), İKT və dizayn (10,3%), pərakəndə ticarət (9,1%) və təchizat-logistika (6,2%) üzrə iş elanları yer alır.
Bəs bazarın ehtiyac duyduğu sahələr Azərbaycanın ali təhsil müəssisələrində tədris olunurmu?
Təhsil eksperti Vüsal Kərimli Abzas Media-ya deyir ki, əsas problem Elm və Təhsil Nazirliyinin bütün universitetlərə yalnız bir tədris proqramı təklif etməsidir.
“Universitet 3-4 illik tədris proqramını özü müəyyənləşdirə bilmir. Beynəlxalq praktikada belədir ki, universitetlər öz proqramlarını əmək bazarının tələblərinə uyğun tərtib edirlər. Biz Bolonya prosesinə keçid edəndə 4 əsas şərt var idi: maliyyə azadlığı, universitetin müstəqil statusu, kredit sisteminə keçid, rəhbərlikdə seçkili orqanlar. Bunlardan maliyyə və kredit məsələsi həll olunub, ancaq ən əsas prorektor və rektorların seçki ilə müddətli seçimləri idi ki, bu təmin edilmədi. Belə olanda da, universitet rəhbərliyi dəyişiklikdə, inkişafda maraqlı olmur. Onları kollektiv seçmədiyi üçün prorektorlar kollektivin qarşısında hesabatlı olmurlar. Dövlət bu sahədə universitetlərə ona görə müdaxiləni azaltmır ki, orada peşəkar kadrlar azdır və hərc-mərclik yaranacaq. Eyni zamanda müəllimlərin də yükü çoxdur və onlar da bazarla işləyə bilmirlər”- ekspert bildirib.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva Abzas Media-nın sorğusuna cavab olaraq bildirib ki, təhsil proqramları təhsil standartlarına əsasən tərtib olunur.
"Təhsil standartları isə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanır. Bu zaman mövcud əmək bazarı nəzərə alınır, müəyyən ixtisaslar ləğv olunur, yeni ixtisaslar açılır. Bununla bağlı sorğu Elm və Təhsil Nazirliyinə göndərilsə, daha məqsədəmüvafiq olar".
Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova da bildirib kİ, tədris planı Elm və Təhsil Nazirliyinin təhsil proqramı əsasında hazırlanır.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də, nazirlik sorğunu şifahi cavablandırmaqdan imtina edib.