Səhiyyə Nazirliyi baş həkimin niyə məhz yeniyetmə ilə bağlı çıxışından sonra işdən çıxarılmasını cavablamaq istəməyib
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur ki, Rəsulov yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılıb.
Baş həkim bir gün öncə 3 saylı Uşaq Evindən psixiatriya xəstəxanasına göndərilən yeniyetmə ilə bağlı bildirib ki, o, psixi xəstə deyil, amma Uşaq Evi qəbul etmir deyə onu geri göndərə bilmirlər.
Abzas Media Ağahəsən Rəsulovla danışmaq istəsə də, o açıqlama vermək istəmədiyini bildirib, telefonu söndürüb. Ancaq Bizim Media-ya açıqlamasında baş həkim bildirib ki, uşaqla bağlı nə deyibsə, düz deyib. O, işdən çıxarılma səbəbi ilə bağlı danışmaq istəməyib:
“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm. Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, M.H. haqqında dediklərimi yenə də təkrarlaya bilərəm”.
Səhiyyə Nazirliyi isə baş həkimin niyə məhz yeniyetmə ilə bağlı çıxışından sonra işdən azad edilməsi sualını cavablamaq istəməyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Abzas Media-ya bildirib ki, rəsmi açıqlama verilib və əlavə məlumat verə bilməz:
“Əlavə suallara nə ehtiyac var? Rəsmi açıqlama verilib, yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib”.
Bu günlərdə 3 saylı Uşaq Evində yaşayan M.H. oradakı problemlərlə bağlı videoaçıqlama yayıb. O bildirib ki, Uşaq Evində normalara uyğun qidalanmırlar, gələn ərzağın əsas hissəsi onlara verilmir. Uşaq Evinin rəhbəri Məhbubə Hüseynova isə iddiaları rədd edib. Bundan sonra, Hacıyev "davranış pozğunluğu" yaşayır iddiası ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Xəstəxananın baş hakimi Ağahəsən Rəsulov isə açıqlama yayaraq bildirib ki, uşağın xəstəxanada qalmasına ehtiyac yoxdur, o, normal vəziyyətdədir.
"Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Deyirlər ki, qoy çıxış eləsin, desin ki, mən yanlış demişəm Uşaq Evi barəsində, o zaman uşağı qəbul edəcəklər. Uşaq Evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".
Məhbubə Hüseynova isə Abzas Media-ya baş həkimin dediklərini təkzib edib. O bildirib ki, uşaqdan belə bir istəyi olmayıb və həkimi ümumiyyətlə tanımır.