A. Hüseyn həbsxanadan səs yazısı göndərib
“Nardaran işi” üzrə həbs edilən Abbas Hüseyn həyatına təhlükə olması ilə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Onun səs yazısı mayın 15-də sosial şəbəkələrdə yayılıb.
“Hər an təhlükə altındayam. Bu gün olmasa ,sabah, sabah olmasa, 5 gün sonra, 5 ay sonra məni öldürəcəklərinə heç şübhə etmirəm. Son 5 ayda olduğum həbsxanaların rəhbərliyi tərəfindən 5 dəfə ağır işgəncəyə məruz qalmışam. Əllərim arxadan qandallanıb, yerə yıxılıb döyülmüşəm"- A. Hüseyn bildirib.
Abbas Hüseyn Ombudsmana müraciət edərək onun həyatına biganə yanaşmamağa çağırıb.
"Əgər infarkt keçirsəm, beynimə qan sızsa, ölsəm, həyatımda pis nəsə olsa, bunun səbəbkarı olduğum həbsxanaların və Pentensiar Xidmətin rəhbərliyidir ki, sifarişi bu cür izah edirlər. Ölümdən qorxmuram, sadəcə ölümümdən sonra cinayətin gizlədilməsindən qorxuram. Buradan sağ çıxa bilsəm, buradakı vəziyyətlə bağlı Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Gigiyena və Epidemiologiya Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəm. Ümid edirəm, onlar bu məsələyə biganə qalmazlar. Mən həbsxanada bunlarla bağlı qanunsuzluqlara etiraz etdiyim üçün qərəzli münasibətə məruz qalıram” – deyə Abbas Hüseyn müraciətində bildirib.
Abbas Hüseynin bacısı Yasəmən Hüseyn Abzas Media-ya bildirib ki, qardaşına qarşı qərəzli münasibət bir müddət əvvəl, 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan zaman başlayıb: “8 saylı Cəzaçəkmə Müəssisəsindən 7 saylıya köçürülmə olub. Həbsxananın rəisi qardaşımdan 3 min pul istəyib. O da buna etiraz etdiyi üçün zorakılığa məruz qalıb. Daha sonra, Müalicə Müəssisəsinə köçürülüb, oradan da 1 saylı cəzaçəkmə müəssisəsinə. Burada da 2 həftə əvvəl döyüb, karsa salıblar”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Elşən Sadıqlı məsələ ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Ombudsman Aparatının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Emil Şahzadə Abzas Media-ya bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar.
"Onun əvvəlki müraciətlərinə də vaxtında reaksiya verib araşdırdığımız kimi bu müraciətini də araşdıracağıq"- sektor müdiri bildirib.
Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Abbas Hüseyn 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. O, terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd və digər bir neçə ağır cinayətdə ittiham olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Abbasovla birlikdə MBH sədri Tale Bağırzadə və bir neçə üzv də həbs edilib. Onlar da oxşar ittihamlarla uzunmüddətli həbsə məhkum ediliblər. Abbas Hüseyn verilən ittihamlarla özünü təqsirli bilməyib. Hüquq müdafiəçiləri A.Hüseyni vicdan məhbusu kimi tanıyıblar.