Sahibkar nazir Mikayıl Cabbarova açıq müraciət ünvanlayıb
Daşıma fəaliyyəti göstərən “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlı şirkətinin bazarda sıxışdırılması ilə bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarova açıq müraciət ünvanlayıb.
Şirkət rəhbəri müraciətində bildirib ki, "Silk Vey”, Gömrük Komitəsi və “Bakı Karqo Terminal” tərəfindən əsassız olaraq sıxışdırılıb, bazardan çıxarılıblar. Onun sözlərinə görə, hazırda da ölkəyə gətirə bilmədikləri mallar var.
“Cənab nazir, aşağılarda vəziyyət yaxşı deyil, burada qurumlar sizin düşündüyünüz kimi danışmırlar. Bizə quyu qazıb, gördüyümüz işləri qaralamağa çalışırlar. "Silk Vey” şirkəti dəfələrlə yüklərimizi daşımaqdan imtina edib, bizi müştərilər qarşısında pis vəziyyətdə qoyublar. “Karqo Terminal” gələn yüklərə real olmayan miqdarda dəbbə pulu hesablayıb. Eyni zamanda Gömrük Komitəsi... Dəfələrlə mənim mallarımı əsassız olaraq saxlayıb, özümün və şirkətimin nüfuzuna xələl gətiriblər".
Şirkət rəhbəri bildirib ki, "Mover" MMC 2018-ci ildə bazarda daşıma payının 30/100 hissəsini həyata keçirirdisə, 2022-ci ildə bu, 3/100 olub. "2023-cü ildə isə biabırçı formada müflişləşdirilmə vəziyyətinə gətirilmişik.
Cənab nazir, bu məsələlərdən xəbərsiz olduğunuzu düşünüb sizə müraciət edirəm. Xahiş edirəm, müdaxilə edin”- şirkət rəhbəri bildirib.
Məsələ ilə bağlı Gömrük Komitəsi və Bakı Karqo Terminalı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib. "Silk Vey” şirkətindən isə bildiriblər ki, mətbuat katibi ölkədə olmadığına görə sualları cavablandıra bilmirlər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Gülnar Hüseyn Abzas Media-ya bildirib ki, onlara istehlakçılar tərəfindən “Mover” şirkəti barədə şikayətlər daxil olub, ancaq o, şirkətdən müraciətin daxil olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.