Azərbaycanda seçkilər niyə Türkiyədəki kimi rəqabətli keçmir?

Azərbaycanda seçkilər niyə Türkiyədəki kimi rəqabətli keçmir? Foto: president.az
15 May 2023
Mətni dəyiş

Sabir Rüstəmxanlı: "İlham Əliyev 80 faiz səs yığmayıbsa belə, çox istəyərdim ki, o, 80 faiz olsun"

Dünən Türkiyədə baş tutan prezident və parlament seçkilərini azərbaycanlılar da diqqətlə izləyirdi. Gecə yarısına qədər davam edən səs sayma prosesində onlar da sosial mediada rəğbət göstərdikləri namizədin qalib gəlməsini istəyirdilər. Amma seçki ilə bağlı belə fəallıq adətən ölkədə keçirilən seçkilərdə müşahidə olunmur.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda 2018-ci ildən bəri keçirilən 3 seçkidə cəmi 20-25 faiz seçici fəallığının olduğunu açıqlayıb.

MSK-nın açıqlamalarına görə, 2003-cü ildən bəri İlham Əliyev 80 faizdən çox səs toplayaraq prezident olub. Onun müxalif rəqibləri isə indiyə qədər açıqlanan rəqəmlərlə maksimum 4 faiz səs toplaya biliblər.

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Abzas Media-ya deyir ki, Azərbaycanda keçirilən seçkilərdə də vətəndaşlar fəal olur və seçki rəqabətli keçirilir.

“Çoxdandır Avropanın böyük dövlətlərinin normal liderləri olmayıb. Avropanın başdanxarab, arvadbaz, eşcinsəl, dünya siyasətini bilməyən siyasətçiləri ilə müqayisədə İlham Əliyev 5 baş yuxarıdadır.
 İlham Əliyevin hər seçkidə 80 faizdən yuxarı səs yığmasını hansısa pozuntularla əlaqələndirmək üçün sübutlar olmalıdır. Bu hüquqi məsələdir, əldə sübutlar olmadan dəqiq bir şey demək olmaz. Mən İlham Əliyevin dünya liderləri arasında mövqeyini, yerini görürəm, ona görə də yığdığı səs 80 faiz olmayıbsa belə, çox istəyərdim ki, 80 faiz olsun”,- millət vəkili bildirib.

Millət vəkili, YAP üzvü Tahir Rzayev isə deyir ki, İlham Əliyevin hər seçkidə 80 faizdən yuxarı səs toplaması YAP-ın güclü, digər partiyaların isə zəif olması ilə əlaqəlidir. 

Onun sözlərinə görə, bizdə partiyalar güclənsə, rəqabətli seçki ola bilər:

“Yeni Azərbaycan Partiyasından başqa güclü və mövqeyi olan partiya yoxdur. Olan partiyaları da siz görürsünüz, mən onların fəaliyyətinə xələl gətirmək istəmirəm. Ancaq Türkiyədəki partiyalar uzun müddətdir fəaliyyət göstərirlər, yetkinləşiblər, beynəlxalq aləmə çıxa bilirlər, beynəlxalq siyasi qurumlarla möhkəm münasibətləri var. Amma bizdəki siyasi partiyaları götürək, hansı dünyada tanınır? YAP-dan başqa hansı siyasi partiya gedib beynəlxalq dairələrdə, mühüm tədbirlərdə iştirak edirlər? Bunu da doğuran səbəb odur ki, oradakı partiyalar 80-100 ildir fəaliyyət göstərirlər, ancaq bizdə 20-30 ildir".

Avropa Şurası Parlament Assambleyasının beynəlxalq seçki müşahidə missiyası 2018-ci ildə Azərbaycanda baş tutan növbədənkənar prezident seçkilərinin "məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilərin keçirilməsi üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə" baş tutduğunu açıqlamışdı. Missiya bildirirdi ki,  seçkilərdə həqiqi rəqabət olmayıb. " Digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkiniblər"- təşkilatın bəyanatında yazılıb.

Azərbaycanda keçirilən prezident, parlament, bələdiyyə seçkilərində iştirak edən müşahidəçilər və mətbuat nümayəndələri topa bülleten, "karusel", protokolların saxtalaşdırılması kimi qanun pozuntularını video çəkilişlər vasitəsilə ictimailəşdiriblər.

 Rəsmi qurumlar isə seçkinin şəffaf, rəqabətli, demokratik şəkildə aparıldığını iddia edir.

Mayın 14-də isə Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səslərin 100 faizi hesablanıb. Nəticələrə görə, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,54 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85 faiz səs toplayıb. Namizədlər 50 faizdən yuxarı səs toplamadığı üçün seçkilər ikinci tura qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun