Elçin Əmiraslanovun qardaşı: “Çox ümidli idik, çünki mərhum Heydər Əliyev Naxçıvandan Bakıya gələndə Elçin də yanında olub.”
Bu gün ailə üzvünün adını əfv siyahısında görüb sevinənlərlə yanaşı bu ümidlə yaşayıb, amma yaxınlarının adına siyahıda rast gəlməyənlər də var.
Ömürlük azadlıqdan məhrum edilmiş OMON-un üzvü Elçin Əmiraslanovun yaxınları da 27 ildən sonra onun azadlığa çıxacağına ümid bağlayırmışlar.
Məhbusun qardaşı İlqar Əmiraslanov Abzas Media-ya deyir ki, əfv üçün müraciət ediblər.
“Özü, veteranlar, şəhid ailələri, bir qrup Ağstafa, Qazax sakinləri də əfv üçün müraciət etmişdi, ona görə azad olunacağını gözləyirdik. Özü də danışanda deyirdi ki, mərhum prezidentin yüzilliyilə əlaqədar çıxacağını gözləyir. Çox ümidli idik, çünki mərhum Heydər Əliyev Naxçıvandan Bakıya gələndə Elçin də yanında olub. Bunun görüntüləri də var. O gələndə, mühafizənin rəisi Elçin Əmiraslanov olub.
Görəndə ki, adı siyahıda yoxdur, nə hisslər keçirdik, ifadə edə bilmirəm. Onu gərək yaşayasan”.
Elçin Əmiraslanov OMON-un, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvü olub. 1997-ci ildə “Vətənə xəyanət”də ittiham olunaraq ölüm cəzasına məhkum edilib. Daha sonra ölüm hökmü ləğv edilib və ömürlük həbslə əvəzlənib. O, 27 ildir ki, həbsdə idi.
Əfv olunacağı gözlənilən ictimai fəallardan biri də Niyaməddin Əhmədov idi. Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədrinin mühafizəçisi olub.
Cəbhəçinin atası Arif Əhmədov deyir ki, oğlu əfv ərizəsi yazmasa da, onun azadlığa çıxacağını gözləyiblər.
“Onun azadlığa buraxılmasını yüzillik münasibətilə xalqa hörmət, ehtiram kimi qəbul edərdik. Niyaməddin özü də deyirdi ki, şans var.
Siyahıda olmamasını haqsızlıq kimi qarşıladıq. Adam ölümünə 13 il verilmir, amma heç nədən cavan uşağa 13 il həbs veriblər.
Yanına gedib-gələndə də əziyyət çəkirik. Bu kasıbçılıq vəziyyətində istər-istəməz valideyn kimi çox əziyyətə qatlaşırıq”.
Əhmədov 2020-ci ilin aprelində həbs edilib. O, terroru maliyyələşdirməkdə, dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıqda, qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmək və saxlamaqda ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.
2015-ci ildə “Nardaran İşi” üzrə həbs olunan ilahiyyatçı Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılova deyir ki, o, yoldaşının əfvə düşəcəyini gözləməyib.
Onun sözlərinə görə, Tale Bağırzadə də əfvlə azad olunmaq istəmir:
“Bu qədər həbslərin fonunda qətiyyən inanmırdıq ki, əfvə düşər. Görüşdə də danışırdıq, qarşılıqlı fikrimiz bu olurdu ki, əfvə düşməyəcək. Hacı Tale ümumiyyətlə əfv siyahısına adının düşməyini istəməyən bir insandır. Əvvəllər də vurğulamışdı ki, onun adının əfv siyahısında İlham Əliyevin masasına getməsini istəmir".
L. İsmayılova deyir ki, ayda bir dəfə uşaqları ilə birlikdə həbsxanada yoldaşının görüşünə gedir.
"Hər kəsə məlumdur ki, 4 uşaqla o həbsxana qapısına getmək necə əziyyətli bir işdir. Körpələr hər dəfə qapıdan çıxanda deyirlər ki, "ata, sən gəlmirsən?". Ən çox mənəvi baxımdan təsvirolunmaz bir əziyyətdir”.
Tale Bağırzadə 2015-ci ildə Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatında həbs olunub. O, qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox maddə ilə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilib.
Mayın 8-də Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamla 801 nəfər azadlığa buraxılıb.