Rəşidə Qurbanova: “Mən bu 5 ildə nələr çəkmişəm, Allah bilir”
Əfv sərəncamı ilə azadlığa çıxanlardan biri Həbib Qurbanovdur.
Qurbanov 2018-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevə silahlı hücumdan sonra, 10 iyul etirazları ilə bağlı həbs edilib. 2019-cu ilin sentyabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
Həbib Qurbanovun anası Rəşidə Qurbanova Abzas Media-ya deyir ki, oğlunun əfv olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət etsələr də, azadlığa çıxacağını gözləməyiblər:
“Bizə Həbibin dostu dedi ki, adı siyahıya düşüb. Biz də inanmadıq, sonra uşağa dedim girib baxdı, gördük ki, əfvə düşüb. Həbib özü də hüquq müdafiçilərinin qəbulunda olub, müraciət edib, mən də. 22 yaşında həbs olunmuşdu, indi 27 yaşı var. Bayaqdan ağlayıram. Mən bu 5 ildə nələr çəkmişəm, Allah bilir”.
2018-ci ilin 3 iyulunda Gəncə şəhərinin keçmiş icra başıçısı Elmar Vəliyevə silahlı hücum olub. Vəliyev və mühafizəçisi güllə yaraları alsalar da, həyatda qalıblar. Bundan sonra hadisəni törətməkdə ittiham olunan Yunis Səfərova dəstək məqsədilə 10 iyul üçün şəhərin mərkəzində aksiya təyin olunub. Aksiyada iki polis əməkdaşı öldürülüb.
Mayın 8-də Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamla 801 nəfər azadlığa buraxılıb.