Məktəbin sosial media hesabından yarışla bağlı fotolar silinib
Keçmiş prezident Heydər Əliyevin 100 illik yubileyilə bağlı Sumqayıt şəhər 31 saylı orta məktəbdə nərd yarışı keçirilib. Bu barədə məktəbin sosial media hesablarından foto paylaşılıb. Sosial media istifadəçiləri bu fotonu müzakirə edərkən məktəbin direktoru Sumqayıt Regional Təhsil İdarəsinə çağırılıb.
Bu barədə məlumatı Abzas Media-ya direktorun katibəsi verib.
“Rəhbərliyi Regional Təhsil İdarəsinə çağırıblar. Material çıxandan sonra çağırıldı. Problem, orada yayılan fotolardır”- katibə deyib.
Sumqayıt Regional Təhsil İdarəsi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, fotolardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib: "Təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub. Bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib"- deyə idarədən bildirilib.
Məktəbin "Facebook" səhifəsindən həmin fotolar silinib.