Əlizamin Salayevin qızı: "Atamı əlil arabasında görüşə gətirdilər"

Əlizamin Salayevin qızı: "Atamı əlil arabasında görüşə gətirdilər" Foto: Facebook
29 May 2023
Mətni dəyiş

Tamilla Salayeva atasının həyatına görə məsuliyyəti prezident İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazovun daşıdığını deyib

4 il azadlıqdan məhrum edilən AXCP Salyan şöbəsinin sədri Əlizamin (Zamin) Salayev bu gün xəstəxanada ailəsi ilə görüşüb. 

Müxalifətçinin qızı Tamilla Salayeva “Azadlıq qəzeti”nə müsahibəsində deyib ki, 112 gündür aclıq edən atasının səhhəti çox pisdir.
 
“Atamı əlil arabasında gətirdilər. Çəkisi 69 kiloya düşüb. Təzyiqi aşağıdır. O, sistem köçürülməklə həyatda qalır. Ona hər gün sistem köçürülür” – T.Salayeva bildirib.
 
Əlizamin Salayevin qızı deyib ki, atasından aclığı dayandırmasını xahiş etsələr də, o, bundan imtina edib.
 
“Hətta dedi ki, apellyasiya məhkəməsi olsa belə, qərar qüvvədə qalsa, mən aclığı yenə dayandırmayacağam. Sonuna kimi davam edəcəm”.
 
T. Salayeva deyib ki, atasının həyatına görə məsuliyyəti prezident İlham Əliyev və daxili işlər naziri Vilayət Eyvazov daşıyır.
 
Mayın 22-də AXCP Salyan şöbəsinin sədri Əlizamin (Zamin) Salayev 4 il müddətinə azadlıqdan məhrum edilib. O, azadlığa buraxılması tələbi ilə 112 gündür aclıq edir.
 
AXCP Salyan şöbəsinin sədri Əlizamin Salayev bu il fevralın 7-də Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah qismində əşyalardan istifadə etməklə xuliqanlıq etmək) maddəsilə ittiham olunaraq həbs edilib.

Daxili İşlər Nazirliyi yaydığı məlumatda qeyd edib ki, Salayev “Lökbatan dairəsi” adlanan yerdə bir nəfəri bıçaqlayıb. Müxalifətçi isə ittihamları rədd edib, özünün hücuma məruz qaldığını bildirib.

Ə.Salayev və təmsil olunduğu AXCP həbsin siyasi sifariş olduğunu bildirib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi hökuməti Əlizamin Salayevi azad etməyə çağırıb. Mayın 18-də ABŞ Dövlət Departamenti də məsələnin ABŞ-ın diqqətində olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun