Onlar "Media haqqında" qanunun icrasının dayandırılmasını tələb ediblər
Azərbaycanın müstəqil media nümayəndələri Beynəlxalq Mətbuat Azadlığı Günü Konstitusiya Məhkəməsinə müraciət ediblər.
“Abzas Media” və “Arqument.az” saytının rəhbərliyi müraciətlərində "Media haqqında" qanunun Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Konstitusiyasına zidd olduğunu bildiriblər.
“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa bildirib ki, məhkəmədən qanunun tətbiqinin dayandırılmasını xahiş edib:
“Qanunun Konstitusiyaya uyğun olub-olmadığının müəyyənləşdirilməsini, qanunun tətbiqinin dayandırılmasını və Milli Məclisə qanunun Konstitusiyaya uyğunlaşdırılmasını tövsiyə etməsini xahiş etdim”.
Abzas Media-nın direktoru Ülvi Həsənli bildirib ki, "Media haqqında" qanun Konstitusiyaya zidd olduğuna görə məhkəməyə müraciət ediblər:
“Bu, bizim hüquqi müstəvidə mübarizəmizin bir hissəsidir. Yerli məhkəmələr bizim haqlı şikayətlərimizi təmin etməsə, Avropa və digər beynəlxalq məhkəmələrə müraciət edəcəyik”.
Hüquqşünas Xalid Ağaliyev deyir ki, qeydiyyatdan keçmək istəyən 40-dan çox media orqanı Media Reyestrindən imtina cavabı alıb.
Onlardan 20 media qurumu Reyestrdən imtina cavabı aldığı üçün məhkəməyə müraciət edib.
“Onlara hüquqi dəstək göstərmişik. Ancaq Reyestrlə bağlı məlumatlar açıq olmalıdır, hər kəs hansı medianın ora daxil ediliyini, hansının edilmədliyini bilməlidir”- X. Ağaliyev bildirib.
"Sərhədsiz Reportyorlar" təşkilatı bu gün Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb. Azərbaycan 180 ölkə arasında 151-ci yeri tutub və medianın vəziyyətinin “çox pis” olduğu ölkələr arasında yer alıb.
“Media haqqında” Qanun 2022-ci ilin fevralın 8-də təsdiq edilib.
Ardınca Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata dövlət nəzarətini gücləndirən "Media haqqında" qanunu ləğv etməyə çağırıb.
Avropa Şurası Nazirlər Komitəsi ötən ilin dekabrında hakimiyyət orqanlarını “Media haqqında” qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edən qətnamə qəbul edib.
Hökumət qurumları qəbul edilən qətnaməylə bağlı rəy verməyiblər.