Nazirlik: “5800 tərbiyəçi-müəllimin müvafiq ali və orta təhsili yoxdur”

Nazirlik: “5800 tərbiyəçi-müəllimin müvafiq ali və orta təhsili yoxdur” Foto: insanoid.com
4 May 2023
Mətni dəyiş

Nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova: “Bağçanı ancaq şeir əzbərləmək yanaşmasından çıxarmalıyıq"

Azərbaycanda 5800 tərbiyəçi-müəllimin məktəbəqədər təhsil sahəsi üzrə ali və orta təhsilinin olmadığı üzə çıxıb. Bu barədə məlumatı Elm və Təhsil Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra monitorinq aparılıb və 11. 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) müvafiq  ali və orta təhsilinin olmadığı məlum olub.

“Məktəbəqədər təhsil haqqında” Qanunun 1-ci maddəsin 1.0.21-ci bəndində qeyd olunur ki, tərbiyəçi müəllimlər məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalıdırlar.

Bəs müvafiq təhsili olmayan 5800 nəfər şəxs məktəbəqədər təhsil müəssisələrinə necə ayaq açıb?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Abzas Media-ya deyir ki, bu şəxslər əvvəlki illərdə, yəni, məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinin tabeliyində olan dövrlərdə işə götürülüblər.

Onun sözlərinə görə, sözügedən şəxslərin iş cədvəlindəki qiymətləndirmənin aşağı salınması məsələ ilə bağlı çıxış yollarından yalnız biridir.

“Bir yol da sertfikasiya tətbiq etməkdir. Qanunvericilik müvafiq təhsil olmadan işləməyə imkan vermir. Baxılmalıdır ki, bu şəxslərin uşaqlarla işləmək təcrübəsi nə qədərdir? Onlar bu sahədə peşəkardırlarmı? Çünki pedoqoji təhsilləri yoxdur. İndi İctimai Şura olaraq Ümumi Təhsil şöbəsilə yenidən görüşüb, baxacağıq ki, başqa hansı çıxış yolları var”- Günel Səfərova bildirib.

Səfərova deyir ki, bağçalarda bu sahə üzrə təhsil alan şəxslər müəllimlik etməlidir:

“Siz valideyn olsanız, uşağınızı bağçaya qoysanız, istəyərdiniz ki, ona pedoqoji bilgisi olan müəllim dərs desin. Bağçanı ancaq şeir əzbərləmək yanaşmasından çıxarmalıyıq. Uşaqlara yanaşma pedoqoji olmalıdır, çünki bu ilkin təhsilə hazırlayan mərhələlərdən biridir”.

Təhsil eksperti Elşən Qafarov Abzas Media-ya bildirib ki, nazirliyin bununla bağlı qərarı qanunvericiliyə ziddir:

“Elm və Təhsil Nazirliyinin qeyri-ixtisas müəllimlərinin dərəcələrini birtərəfli qaydada aşağı endirməsi onların əmək hüquqlarının pozuntusudur. Problemin həll yolu bu deyildi. Həll o idi ki, köklü islahatlar ola bilərdi. Bu sahədə işlər yenidən qurulardı. Hazırda bu sahədə 17 minə yaxın işçi var, onlar imtahan yolu ilə yenidən məktəbəqədər təhsil müəssisələrinə cəlb olunardılar. Baxılardı  ki, kimin ixtisası uyğun gəlir, kiminki gəlmir. Amma çox təəəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi buna getmədi. Ayrı-ayrı dövlət məmurlarının bu cür qərarlar verməsi yeni narazı bir qrup yaradır”.

Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev də açıqlamalarında bildirib ki, sertfikasiya prosesində bəzi müəllimlərin ümumiyyətlə öz ixtisasları üzrə sadə biliklərə malik olmadığı məlum olub.

Nazirlik bildirib ki, həmin müəllimlərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradılıb.

Sözügedən heyət sənədlərini təqdim etdikdən sonra əməkhaqqı ödənişi “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən aparılacaq.

Eyni zamanda, bu şəxslərin iş cədvəlindəki qiymətləndirməsi aşağı salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun