“Hardasa yazılmayıb ki, deputat bütün iclaslarda iştirak etməlidir”
Son illər bir sıra millət vəkillərinin parlamentin daxili nizamnaməsi əsas gətirilərək məsuliyyətə cəlb olunması müşahidə edilir. Millət vəkilləri əsasən səsləndirdikləri fikirlərə görə intizam məsuliyyətinə cəlb olunurlar.
Məsələn, sonuncu parlament seçkilərindən sonra ilk dəfə 2020-ci ildə millət vəkili Bəhruz Məhərrəmova töhmət verilib. O, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən iclasında İranı və İranın ali rəhbəri Ayətullah Əli Xamneyini tənqid etdiyi, "Ermənistana İran vasitəsilə terrorçuların keçdiyini" bildirdiyi üçün cəzalandırılıb.
Bu il aprelin 28-də isə deputat Vahid Əhmədova töhmət verilib. Əhmədov aprelin 16-da bloger Mehman Hüseynova müsahibə verib. O, müsahibəsində ölkə əhalisinin sosial vəziyyətinin yaxşı olmamasını, bəzi məsələlərin prezidentdən gizlədildiyini, AXCP və Müsavatın parlament seçkilərində səs toplaya biləcəyini deyib. O, deputatın etik davranış qaydalarını pozmaqda ittiham olunaraq intizam məsuliyyətinə cəlb edilib.
Ancaq parlamentin daxili nizamnaməsində göstərilən digər tələblərin yerinə-yetirilməməsilə bağlı hər hansısa qərara rast gəlinmir.
Məsələn, Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə, iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər. 47-ci maddədə isə qeyd edilir ki, Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimat verir, komissiya isə əsaslar aşkar etdikdə deputata töhmət verilməsilə bağlı qərar qəbul edir.
Parlamentin açıq iclaslarından yayılan görüntülərdən müşahidə etmək olur ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinidən deputat olan Vasif Talıbov və 45 saylı Abşeron seçki dairəsindən deputat olan Oqtay Əsədov parlamentin iclaslarında əsasən iştirak etmirlər.
Millət vəkili Oqtay Əsədovun köməkçisi Rauf İrzayev deputatın iclaslarda niyə iştirak etməməsilə bağlı sualı eşitdikdən sonra telefonu söndürüb.
Vasif Talıbovla əlaqə saxlamaq mümkün olmayıb.
Bəs görəsən, parlametin iclaslarında iştirak etməyən deputatlarla bağlı hansı intizam tədbirləri görülüb?
Abzas Media məsələ ilə bağlı İntizam Komissiyasının rəhbərliyinin və üzvlərinin fikrini öyrənməyə çalışıb. Komissiyanın sədri Eldar İbrahimov və katib Nurlan Həsənov zənglərə cavab verməyib.
Komissiya sədrinin müavini Fəzail Ağamalı isə bildirib ki, bu barədə İntizam Komissiyasının sədri və katibi danışa bilər: “Mən yox, onlar bu suala cavab verməklə bağlı səlahiyyət daşıyırlar. Mən müavinəm, hər yerdə olduğu kimi müavinin nə səlahiyyəti var ki?!”
Komissiyanın digər üzvü Məlahət İbrahimqızı bildirib ki, nizamnaməni pozan hər bir millət vəkilinin məsələsinə komissiyada baxılır. Ancaq o, digər sualları cavablandırmayıb.
Komissiyanın üzvü Nəsib Məhəməliyev isə deyir ki, hələlik deputatın iclaslarda üzrsüz səbəbdən iştirak etməməsi ilə bağlı komissiyaya hansısa müraciət daxil olmayıb.
Onun sözlərinə görə, iclaslarda deputatların tam əksəriyyəti iştirak edir: “İntizam Komissiyasına hansısa deputatla bağlı müraciət daxil olanda onunla bağlı materiallar da təqdim edilməlidir. Hazırda belə hal yoxdur. Bu məsələlər qanunla tənzimlənir. Hardasa yazılmayıb ki, bütün iclaslarda iştirak etməlidir. Tam əksəriyyət iştirak edir. Ola bilər ki, hansısa deputat ezamiyyətdədir, digəri obyektiv səbəblərdən səhhətilə bağlı müəyyən iclasları buraxır. Ola bilər ki, siz görməmisiniz iclaslarda iştirakını, başqaları görüb”.