İstintaq orqanı suallara cavab verməyib
Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumdan 1 il keçsə də, hələ də hadisəni törədən şəxsin kimliyi müəyyən edilməyib.
A.Məmmədova Abzas Media-ya deyir ki, işlə bağlı sonuncu dəfə 2022-ci il Milli Mətbuat Günündə onunla əlaqə saxlayıb, istinaqla bağlı məlumat veriblər. Ötən ildən bu yana ona istintaqın gedişi ilə bağlı heç bir məlumat verilməyib.
“İlk 10-15 gündə görürdüm ki, Daxili İşlər Nazirliyi bu işin üstünün açılmasını istəyir. Bəlkə də ona görə istəyirdilər ki, bundan əvvəlki bu kimi işlərlə bağlı korlanmış nüfuzlarını bərpa etsinlər. Mənim bu hadisə ilə bağlı özümün də şübhələndiyim adam var idi və bunu polislərə qeyri-rəsmi şəkildə bildirmişdim. Mənə bildirilmişdi ki, bizim bloku görən bir kamera olub, o da obyektin kamerası idi. Həmin vaxt obyekt işləməyib və ya nəyəsə görə, kamera işləməyib. Dedilər ki, qeyri-müəyyən şəraitdə olduğuna görə tapa bilmirlər. Mənə dedilər ki, əmin olun ki, geci-tezi var, mütləq işin üstü açılacaq və biləcəksiniz ki, o şəxs kimdir”.
Hadisədən aldığı stressi, gərginliyi isə o, 4 ay müddətində psixoloji yardım almaqla aradan qaldıra bilib.
“Hadisədən sonra 3-4 ay harasa gedəndə yoldaşımla gedirdim. Yoldaşım gələ bilməyəndə də məhləyə çatanda, zəng edirdim, düşürdü bloka, mənimlə birlikdə evə qalxırdı. Liftə tək minə bilmirdim. Bir neçə seans psixoloji dəstək aldım. Ancaq hadisədən sonra gətirib məhəllənin ətrafına təhlükəsizlik kameraları qurlaşdırılmışdı, ona görə indi özümü bir az güvəndə hiss edirəm”.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Abzas Media-ya bildirib ki, iş günü olmadığından məsələ ilə bağlı məlumat ala bilmir.
2022-ci ilin mayın 8-də gecə saatlarında jurnalist A. Məmmədova yaşadığı binanın liftinə daxil olarkən içəri ortayaşlı kişi də keçib. Lift hərəkətə düşəndə həmin şəxs ona arxadan yapışaraq, çənəsindən sıxıb və boğazına bıçaq dirəyərək "sən ağıllanmadın?" deyib və sonra jurnalistin qızının ünvanına təhdid xarakterli söz işlədib.
Jurnalist hücumu peşə fəaliyyəti ilə əlaqələndirib.
A.Məmmədova Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən İlkin Süleymanovun məhkəmə işini işıqlandırır. Orada vəzifəli şəxslərin də adı keçir. Jurnalist ehtimal edir ki, məhkəmə işini işıqlandırdığına görə ona hücum edilib və bu yazılarını dayandırmaq məqsədi daşıyıb.
Jurnalist hadisədən təxminən 20 gün əvvəl ev telefonuna təhqiramiz zəng gəldiyini deyib. Məmmədova həmin telefon zəngi ilə hücum arasında hansısa əlaqə ola biləcəyini güman edir.
Daxili İşlər Nazirliyi bildirib ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin "Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə" (134-cü) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.