İlham Əliyev: "Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq"
Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində müxalif “Millət İttifaqı”nın namizədi, CHP lideri Kemal Kılçdaroğlunun təklif etdiyi “İpək yolu” ilə bağlı xəritə Azərbaycanda müzakirələrə səbəb olub.
Hökumət mediası Kılıçdaroğlunun təqdim etdiyi layihədə Azərbaycanın yer almamasını tənqid edib. Belə ki, xəritədə göstərilən quru yol İran, Türkmənistan, Özbəkistan və Qazaxıstandan keçərək Çinə birləşir.
Ancaq İkinci Qarabağ Müharibəsindən sonra Naxçıvanla Azərbaycan arasında quru yolun açılmasını şərtləndirən razılaşmanı əsas götürən Azərbaycan hökuməti, bu layihənin İrandan yox, Azərbaycandan keçən variantını təklif etmişdi.
Kemal Kılıçdaroğlunun təqdim etdiyi xəritə həm Türkiyə, həm də Azərbaycan rəsmilərinin narazılığı ilə qarşılanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verərək bildirib ki, CHP-nin Azərbaycanla problemi var: “Kılıçdaroğlunun xəritəsindəki yol can Azərbaycandan yan keçdi. Sizin Azərbaycanla nə probleminiz var? Tarixdən bu yana CHP-li təfəkkürün azərbaycanlı qardaşlarımızla bir dərdi var".
Prezident İlham Əliyev mayın 10-da Şuşada verdiyi açıqlamada “İpək yolu” ilə bağlı xəritəyə eyham vuraraq deyib: “Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”.
Politoloq Azər Qasımlı deyir ki, İlham Əliyevin çıxışı Kılıçdaroğluna qarşı səslənib və Ərdoğana dəstək vermək mahiyyəti daşıyır.
O, Kılıçdaroğlunun bu layihəsinin hələ çiy olduğunu deyir:
“Mənim fikrimcə, Kılıçdaroğlu bu təklifi verməklə Türkiyə seçicisinə mesaj vermək istəyirdi ki, o, Qərbin və ya hansısa ölkənin maraqlarına xidmət edən bir siyasətçi deyil. İlham Əliyev deyir, bu yol Azərbaycan üzərindən keçəcək. İndi İlham Əliyevə sual edirəm, necə keçəcək? İlham Əliyevin də çıxıb Kılıçdaroğlunun təklifinə münasibət bildirməsi daxili auditoriyaya işləməkdir və mənasızdır”.