Prezidentin siyasətini tənqid edən media ofisindən çıxarılıb

Prezidentin siyasətini tənqid edən media ofisindən çıxarılıb
5 May 2023
Mətni dəyiş

“Xalqın onun problemlərinin səsləndirilməsi üçün mediaya ianə verməsi hakimiyyətin qırmızı xəttidir”

“Red Line Channel” (RLC) kanalı fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu barədə məlumatı Abzas Media-ya kanalın baş redaktoru Samirə Qasımlı verib.
 
Qasımlı bildirib ki, buna səbəb onların yerləşdikləri ofisdən çıxarılmalarıdır. 

Onun sözlərinə görə, artıq ikinci ofisdir ki, çıxarılırlar:

“Biz əvvəl başqa ofisdə idik. Ötən ilin sentyabrında ofisin rəhbəri zəng etdi ki, "sizin “İşin əsli” verilişində yayımlanan materiallardan narahatam, mənim biznesimə problem yarana bilər. Xahiş edirəm ki, bizim ofisdə çəkiliş etməyin". Çünki “İşin əsli” verilişi ölkədə gedən prosesləri analiz edən, manipulyasiyaları ifşa edən bir veriliş idi. Biz prezidentin də fəaliyyətini təhlil edirdik. “Prezident yaxşıdır, ətrafı pis” fikri həmin verlişdə ayrı-ayrı mövzular üzərindən ifşa olunurdu. Ofisin sahibi ona heç bir təzyiq olunmadığını bildirsə də, sonradan o ofisdə işləyən başqa bir şəxsdən eşitdik ki, ona zəng də olub”.

Baş redaktor deyir ki, ofisdən çıxandan sonra, başqa bir təşkilatın ofisində bir otağa sığınmalı olublar. Amma bu dəfə də ofisdən çıxarılıblar. 

“Hətta ianələr hesabına fəaliyyət göstərmək istəyirdik. Verlişlərdə insanlara müraciət edəcəkdik ki, ianələr göndərin, bizə dəstək göstərin. Bunu ofisdə danışdıq ki, mayın 1-dən efirlərə başlayaq. Ofisi dinləyirmişlər, xəbər tutdular. Ondan sonra ofisin rəhbəri zəng etdi. Dedi ki, ona hansısa qurumdan zəng ediblər ki, bina qəzalı vəziyyətdədir, ora da adamlar gəlir. Dedi, mayın 1-dən ofisi tərk edin. Hansı ki, o binada 3 saylı şəhər poliklinikası yerləşir. Bina qəzalı olsaydı, birinci onlar çıxarılardı. Ofisin rəhbəri dedi ki, hansı qurumdan zəng etdiklərini deməyiblər, sadəcə bildiriblər ki, "ofisdə icarə davam etsə, böyük miqdarda cəzalanacaqsınız"”.

Baş redaktor bildirib ki, ofisdən vətəndaşların ianələri ilə işlərini davam etdirməyə qərar verdikləri üçün çıxarılıblar. 

"Repressiyaların olduğu bir ölkədə kimsə xalqdan pul alıb hakimiyyəti tənqid edə bilməz.  Bu, hakimiyyətin qırmızı xəttidir. Çünki hakimiyyətin trollarının əsas təbliğatı onun üzərində idi ki, siz xaricdən maliyyələşirsiniz və dövlətə qarşısınız. Amma indi xalq onun problemlərinin səsləndirilməsi üçün mediaya ianə verəcəkdi. Bu da hakimiyyətin hekayəsini dağıdırdı”- Samirə Qasımlı bildirib.

RLC 2019-cu ildən fəaliyyət göstərir. Kanal siyasi mövzularda analiz, müzakirələrdən ibarət verilişlər yayımlayır.

Bundan öncə də Azərbaycanda media orqanlarının ofisi qapadılıb. 
2014-cü ildə hüquq-mühafizə orqanları Azadlıq Radiosunun Bakı ofisində axtarış apararaq qapısını möhürləyib. 
2014-cü ildə Obyektiv TV-nin də ofisi bağlanılıb. 

3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb. Azərbaycan 180 ölkə arasında 151-ci yeri tutub və medianın vəziyyətinin “çox pis” olduğu ölkələr arasında yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun