Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sianid buxar formasında tənəffüs edildikdə daha təhlükəlidir
Gədəbəyin Söyüdlü kəndinin sakinlərinin sianid axıdılan gölün salınmasına etirazlarından sonra onların qarşısına çıxan icra başçısı Orxan Mürsəlov deyib ki, sianid turşusunun zəhərli olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar dezinformasiyadır.
"Sianid turşusunun zəhərli olması ilə bağlı nə bilirik? Kim deyir onu? Bu, sosial şəbəkələrdə yayılan dezinformasiya xarakterli xəbərlərdi. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərini dəvət etmişik, qoy onlar araşdırıb qərar versin"- icra başçısı bildirib.
Sakinlər bildirirlər ki, 11 il öncə ilk gölün salınmasından sonra onlar bu zəhərli maddələrin təsirini canlarında hiss ediblər. Kənddə xərçəng xəstəliyinə yoluxanların sayı artıb, eyni zamanda təsərrüfatlarına ziyan dəyib.
Bəs görəsən, sianid nə qədər təhlükəlidir və həm insanlara, həm də ətraf-mühitə təsirləri nə ola bilər?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sianid buxar formasında tənəffüs edildikdə daha təhlükəlidir. Tənəffüs edilən sianid miqdarı 120–150 mq/m3 çatsa, 20-60 dəq, 300 mq/m3-a çatdıqda isə dərhal ölüm baş verə bilər.
Ətraf mühit, biomüxtəliflik və iqlim böhranına qarşı fəaliyyət göstərən "Ecofront" qrupu məlumat yayıb ki, qızıl mədənlərindəki göllərdən yayda sianidin buxarlanaraq havaya qarışması qaçınılmazdır, çünki sianid turşusunun qaynama temperaturu 25,60 °C-dir.
“Sianidin insan bədənində ən çox neqativ təsir etdiyi orqan beyindir. Əlavə olaraq ürək-damar, qaraciyər, ağciyər, tiroid toksikliyi kimi xəstəlikləri də yaradır. Həmçinin bəzi mənbələr cinsi sağlamlığa da mənfi təsir edə biləcəyini qeyd edir (ən azı test edilmiş erkək siçanlarda sperm sayında 7-13% azalma qeydə alınıb). Qızıl mədənlərində qlobal təcrübədə 0.01-0.05 % diapozununda Natrium Sianid (Sianid duzu) məhlulundan istifadə olunur, hansı ki, insan üçün olduqca təhlükəlidir. Hətta bu maddənin istifadəsini azaltmağı öhdəsinə götürmüş mədənlərin könüllü qoşulduğu “International Cyanide Management Code”- da var. Kənar təsirləri nəzərə alaraq bəzi yerlərdə isə ümumiyyətlə qızıl mədənində sianid göllərinin istifadəsinə qadağa da qoyub: Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Argentinanın bəzi bölgələri və ABŞ-ın Montana ştatı bu siyahıdadır” – "Ecofront" bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Kataliz və Qeyri-üzvi Kimya İnstitutun direktor müavini Məhəmməd Babanlı deyir ki, bütün sianidlər zəhərlidir.
Amma “Sianid metodu” deyilən bir üsul var ki, qızıl çox yerdə bu qayda ilə çıxarılır.
“Dünyada çalışırlar ki, imkan daxilində bu üsuldan çox istifadə edilməsin, ancaq başqa heç cür alınmayanda, bu üsuldan istifadə edilir. Belə olan halda da təhlükəsizliyin təminatı üçün çoxlu tədbirlər var. Gədəbəydə hansı tədbirlər görülüb, bunu belə bilmirik, yerində yoxlamaq lazımdır. Sianidlər daha çox sinir sistemlərinə təsir edir və kiçik dozada ani ölümlərə səbəb ola bilir. Ancaq bunun durulaşdırılmış göllərdə, sularda qatılığı nə qədərdir yoxlanılmalıdır. Göllərdə müəyyən olunan kritik qatılıq var. Bu yoxlanılmalıdır ki, həmin qatılıqdan yuxarıdır ya aşağı?”
Məhəmməd Babanlı deyir ki, Gədəbəydə narazılığa səbəb olan göldə tədqiqat aparılması üçün onlara heç bir müraciət daxil olmayıb.
“Ancaq indi ekspert komissiyasının yaradılması yaxşıdır, orada diqqətlə araşdırma aparılmalıdır. Harda istehsalat var, sianid əmələ gəlir, orada təhlükəsizlik tədbirləri görülməlidir. Məncə, birbaşa kənddə elə gölün olması doğru deyil. Bir az kənar yerdə olmalıdır, ora mal-heyvan yaxın getməməlidir, çəpərlənməlidir. Ancaq açığı bilmirəm orada bunlar var, ya yox”.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb