“Dünən qızdırmanın içində həkimə gedirdim, polis buraxmır ki, yuxarıdan icazə verməsələr, gedə bilməzsən"
2015-ci ildə “Nardaran işi” üzrə həbs edilən, daha sonra səhhətilə bağlı azadlığa buraxılan Əbülfəz Bünyadov deyir ki, polis müdaxiləsinə görə o, son günlər tibbi yardım ala bilmir.
Bünyadov Abzas Media-ya deyir ki, evi 8 ildir polis nəzarətindədir.
“Anam həyətə düşəndə, yoldaşım evə gələndə saxlayırlar. Hamıdan sənəd tələb edib, yoxlayıb evə buraxırlar. Mən həbs olunanda güllə yarası almışam, ağciyər əməliyyatı keçirmişəm. Yataq xəstəsiyəm. Evimə təcili yardım gələndə tibb işçilərini saatlarla saxlayıb, yoxlayıb sonra buraxırlar. Bəzən buraxmırlar. Dünən qızdırmanın içində həkimə gedirdim, polis buraxmır ki, yuxarıdan icazə verməsələr, gedə bilməzsən. İlham Əliyev məndən nə istəyir? Niyə məndən əl çəkmirlər? Dərdimi kimə deyim, danışım?!”- Bünyadov bildirir.
Əbülfəz Bünyadov əlavə edir ki, qarşılaşdığı problemlə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. Ona cavab gəlib ki, "qapınızda polis yoxdur, heç kəs də saxlanılmır".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Abzas Media-ya bildirib ki, onlar bu məsələyə münasibət bildirmirlər.
Əbülfəz Bünyadov 2015-ci ildə Nardaranda Müsəlman Birliyi Hərəkatına qarşı keçirilmiş polis əməliyyatı zamanı saxlanılıb. O, Cinayət Məcəlləsinin terrorçuluq cinayətinə hazırlıq, kütləvi iğtişaş təşkil etmə, qanunsuz silah saxlama kimi ağır maddələrilə ittiham olunub. Ə.Bünyadov 2019-cu il iyulun 10-da Nizami Rayon Məhkəməsinin qərarı ilə "cəzanın çəkilməsinə mane olan ağır xəstəlik" səbəbindən azadlığa buraxılıb.