Deputat: "Azərbaycanda bank faizləri 14%-dən başlayır ki, bu da çox yüksək həddir"

Deputat: "Azərbaycanda bank faizləri 14%-dən başlayır ki, bu da çox yüksək həddir" Foto: publika.az
9 İyun 2023
Mətni dəyiş

Ekspert: “İqtisadiyyatımız əsasən neftdən asılı olduğu üçün inam yüksək deyil və banklar öz risklərini qabaqlamaq üçün yüksək faizlər təklif edirlər”

İyunun 9-da deputat Siyavuş Novruzov parlamentdə bank faizlərinin yüksək olmasından gileylənib. Deputat deyib ki, Azərbaycanda bank faizləri 14%-dən başlayır ki, bu da çox yüksək həddir.

Bu barədə məlumatı modern.az yayıb.

“Bank faizləri aşağı salınmalıdır. 14%-lə kredit əldə edən sahibkar hansı işlə məşğul olmalıdır ki, həm krediti qaytarsın, həm də qazanc əldə etsin. Eyni zamanda bununla işçi saxlamaq olmaz. Hesab edirəm ki, ölkədə bank faizləri aşağı salınmalıdır”- deyə Siyavuş Novruzov bildirib.

Azərbaycanda kredit faizlərinin yüksək olması ilə bağlı ictimai müzakirə uzun müddətdir ki, var. Prezident İlham Əliyev 2015-ci ilin dövlət büdcəsilə bağlı fərmanında kredit faizlərinin azaldılmasına nail olunması üçün göstəriş verib. Bu fərmanın iqtisadiyyatda necə tətbiq olunması aydın olmasa da, bank faizlərinin aşağı salınması da müşahidə edilmir.

İqtisadçı ekspert Toğrul Vəliyev Abzas Media-ya deyir ki, faizlərin yüksək olmasının səbəbi inflyasiya, vəsaitlərin əldə edilməsi mənbələri, əmanətlər, xarici kreditlər və s kimi məsələlərdir. Ancaq bir məsələ də inamsızlıqdır:

“İqtisadiyyatımız əsasən neftdən asılı olduğu üçün inam yüksək deyil və banklar öz risklərini qabaqlamaq üçün yüksək faizlər təklif edirlər. Bəzi bankların birdən-birə bağlanması göstərir ki, iqtisadiyyatda, xüsusilə də bank sektorunda ciddi problemlər var”.

İqtisadçı deyir ki, banklarla bağlı idarəetmə sistemi dəyişilməlidir, şəffaflıq təmin edilməlidir.

Onun sözlərinə görə, Azərbaycanın bank sektorunda şəffaflıq çox aşağı səviyyədədir:

“Nəticədə banklara çox da inana bilmirik. Bir sıra bankların son hesabatlarından məlum oldu ki, məlumatları doğru deyil. Hazırda da bu vəziyyətin hansı banklarda davam etdiyi bəlli deyil. Eyni zamanda, Mərkəzi Bankın idarəetməsi də dəyişilməlidir. Banklar tərəfindən iqtisadiyyatda çox ciddi məhdudiyyətlər tətbiq olunur, bu da Mərkəzi Bankın çox sərt siyasəti nəticəsindədir. Fikrimcə, bu da dəyişilməlidir. Hər şey qanunvericiliklə tənzimlənmir, Mərkəzi Bankın öz qaydaları, normativ sənədlərilə tənzimlənir”.

Bu gün “Banklar haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi parlamentdə birinci oxunuşa təqdim olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun