“Azərsu”-yun şöbə rəisi Cəmil Babayev: “Abonent məmunluğunun hər dəfə 100 faiz olması ehtimalı yoxdur”ABŞ-ın Yel Universiteti “Dünyanın Su Xəritəsi” adlı hesabat dərc edib.
Martda yayımlanan hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Ölkə bu balla region dövlətlərindən geridə qalıb.
Belə ki, şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52.3, Ermənistanda 61.7, Rusiyada 55.8, İranda 48.8, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib.
Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında dəyərləndirilib. Bu ölkələrdə evdə krandan su içməkdə problem görülməsə də, Azərbaycanda təhlükəli hesab edilib.
“Azərsu” ASC-nin texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev Abzas Media-ya deyir ki, universitetin hesabatı rəsmi mənbə deyil.
Onun sözlərinə görə, suyun keyfiyyətilə bağlı həm əsaslı, həm də əsassız şikayətlər var.
“Biz daimi olaraq BMT və digər rəsmi qurumlara suyun keyfiyyətilə bağlı hesabatlar veririk. Şikayət və yaxud müraciət hər bir ölkədə var. Yəni, mən su təchizatı yox, qaz təchizatı və digər kommunal sahələrdə də işləsəm, bunlarda abonent məmunluğunun hər dəfə 100 faiz olması ehtimalı yoxdur”- C. Babayev deyib.
Onun sözlərinə görə, bəzən suyun keyfiyyətsiz olması Mənzil Tikinti Korporativi (MTK) ilə bağlı olur:
“Əksər korporativlərin özlərinin su anbarı olur, onlar da təmizliyi qorumurlar. Məsələn, “Azərsu” ASC-nin mindən çox su anbarı var. Biz Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırıb, ildə 1 dəfə bu anbarları yuyuruq. İçindəki çöküntü təmizlənir. Bu, ildə 1 dəfə yuyulmalıdır. Ancaq bəzən MTK-lar özlərini xərcə salmamaq üçün bunu etmirlər. Biz suyun təmizliyini yoxlayıb bu anbarlara veririk, ancaq anbarlar özləri təmiz olmadığından abonentə bulanıq su gedə bilir. Buna birbaşa müdaxilə imkanlarımız yoxdur. Ancaq biz bildiriş göndərib xatırladırıq, belə hallar aşkarlananda MTK-larla danışırıq”.
Babayev bildirib ki, su mənbələrinin hər birində təmizləyici qurğular var.
“Suyun keyfiyyəti mənbələrdə təmizlənir. Ceyranbatan, Kür, Oğuz-Qəbələ-Bakı, Şorlar su mənbələri Bakı şəhərini qidalandırırlar. Bunların bəzilərində iki, bəzilərində üç mərhələli su təmizləyici qurğular var. Hər bir mərhələnin özündə də bir neçə proses var. Eyni zamanda, suyun xlorla zərərsizləşdirilməsi də var. Bu, hər bir mərkəzləşdirilmiş sistemlərdə olur. Suyun təmizlənməsilə bağlı prosesdə müxtəlif sertifikatlar almış alətlərdən istifadə olunur ki, sudan qidada istifadə etmək olsun”.
Yel Universiteti (Yale University) ABŞ-ın ən qocaman özəl universitetlərindən biridir. Əsası 1701-ci ildə qoyulmuş ali məktəb Harvard və Prinston universitetləri ilə birlikdə ölkənin ən nüfuzlu ali məktəblərini birləşdirən “Böyük üçlük”-ə daxildir. Ali məktəbin çoxsaylı məşhur məzunları arasında 52 Nobel, 5 nəfər riyaziyyat üzrə Filds mükafatçıları var.