Səfərlinin anası Dilarə Əsgərova: "İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və onun indi nələr düşündüyünü təsəvvür edəndə içim yanır".
Martın 3-də İrana səfərindən sonra “itkin” düşən azərbaycanlı Fərid Səfərli İranda cəsusluq ittihamı ilə həbs edilib.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi təsdiq edib.
Səfərlinin anası Dilarə Əsgərova sosial şəbəkə hesabından prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya müraciət edərək bildirib ki, Fərid iki ölkə arasındakı konfiliktin qurbanı olub.
“Fərid ana dilindən başqa 3 dildə sərbəst danışa bilən, kifayət qədər dünyagörüşü olan gəncdir. Almaniyada “Data Analizi” sahəsində ixtisaslaşmışdı və şirkətdən iş təklifi almışdı. Apreldə işə başlayacaqdı. Belə bir insanın kiminsə təsiri altına düşüb casusluq etməsi absurddur. İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və onun indi nələr düşündüyünü təsəvvür edəndə içim yanır”.
Səfərlinin anası prezidentdən oğlunun vəkillə təmin olunmasını və onunla görüşməsi üçün şəraitin yaradılmasını xahiş edib:
“Mən onun üçün çox darıxıram, onu görmək, bağrıma basmaq istəyirəm. Ona müdafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm. İnanıram ki, siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız”.
Xarici İşlər Nazirliyindən bildirilib ki, İran tərəfi ilə danışıqlar aparılır:
“Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olsa da, Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm XİN, həm də Təbrizdəki Baş konsulluğumuz İranla müzakirələr aparır. Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görür”.
Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli İrana səfəri zamanı, martın 3-dən etibrarən itkin düşmüşdü. Ailəsi bildirirdi ki, o, İrana dostu ilə görüşməyə gedib, bundan sonra Almaniyadakı tələbə yoldaşlarına zəng edib geri qayıtması üçün bilet almalarını xahiş edib. Ancaq sonradan onunla əlaqə kəsilib. Xarici İşlər Nazirliyi bununla bağlı İrana nota ünvanlayıb məlumat istəsə də, İran notalara cavab vermirdi.