Həkim bildirib ki, Ziyafət Abbasovanı xəstəxanaya polislər və təcili tibbi yardım maşını gətirib
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ziyafət Abbasova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına salınıb.
Məlumatı ADR sədri Qubad İbadoğlu öz sosial şəbəkə hesabından yayıb. O bildirib ki, partiya üzvünün psixi durumu qaydasındadır, onun ruhi-əsəb xəstəxanasında müalicəyə ehtiyacı yoxdur.
Qubad İbadoğlu bu addımı Z. Abbasovanın siyasi fəaliyyətilə əlaqələndirib: “Bu hakimiyyət xalqın qayğısını çəkmək, ona xidmət etmək üçün problemlərini həll etmək əvəzinə fəal vətəndaşları cəmiyyətdən uzaqlaşdırmaq və ya cəzalandırmaq xəttini davam etdirir, buna dözməyənlər də ya susur, ya yaltaqlanır, ya da sakitcə ölkəni tərk edir”.
Ziyafət Abbasova iyunun 6-da tarixçi alim Cəmil Həsənlinin kitab təqdimatına gedəcəyin bildirib və ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Dostları onun yerini müəyyənləşdirə bilmədiklərini yazıblar.
"Ziyafət xanım Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb. O, mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya salmaqla hədələyir. Qeyd edim ki, Ziyafət xanım sığınacaqda qalırdı...", - AXCP üzvü Gülnarə Rəhimova sosial şəbəkə hesabından yazıb.
Psixiatriya Xəstəxanasının növbətçi həkimi Yaqut Ağarızayeva Abzas Media-ya bildirib ki, Ziyafət Abbasovanı ora polislər və təcili tibbi yardım maşını gətirib. Ancaq həkim Abbasovanın ora hansı diaqnozla yerləşdirildiyini deməyib.
Səhiyyə Nazirliyindən məsələ ilə bağlı məlumat veriləcəyi bildirilsə də, sonradan zənglərə cavab verilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Azərbaycanda siyasi fəalların Psixiatriya Xəstəxanasına salınması halları bundan əvvəl də olub. İlk dəfə 2017-ci ildə həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Füzuli Hüseynov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına salınıb. Daha sonra, 2020-ci ildə partiyanın digər üzvü Aqil Hümbətov da ora yerləşdirilib. Hər iki şəxs siyasi fəaliyyətlərinə görə cəzalandırılmaq üçün Psixatriya Xəstəxanasına yerləşdirildiklərin bildiriblər. Rəsmi qurumlar isə bu iddiaları rədd edir.