Masallı sakinləri internetə çıxışlarının olmamasına görə nazirə şikayət ediblər

Masallı sakinləri internetə çıxışlarının olmamasına görə nazirə şikayət ediblər Foto: modern.az
12 İyun 2023
Mətni dəyiş

“Kənddə dərsə onlayn qoşulan uşaqlar qoşula bilmirlər, yaxınları xaricdə olanlar var, xariclə əlaqə yaradıb ünsiyyət qura bilmirlər”

Masallının Boradigah kəndinin sakinləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət ediblər.

Bu barədə məlumatı Abzas Media-ya kənd sakini Ədalət Əhmədov verib.

O bildirib ki, uzun müddətdir kəndin internet problemi var.

“Masallı rayonuna yeni “GPON” sistemi verilib, amma kəndlərə qoşulmayıb. Kənddə dərsə onlayn qoşulmaq istəyən uşaqlar qoşula bilmirlər, yaxınları xaricdə olanlar var, xariclə əlaqə yaradıb ünsiyyət qura bilmirlər. Digər tərəfdən, xəbərləri izləyə bilmirik. İnternetə giriş mümkün deyil, daxil olanda da sürət bərbaddır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir. Nazirə müraciətimizə də hələ ki, bir reaksiya yoxdur. Əsas tələbimiz odur ki, Masallıda olan yeni “GPON” sisteminə qoşulaq”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, kəndə gələn ilin sonuna qədər sürətli internet veriləcək.

"Hazırda Masallı rayonunun Boradigah kəndinin bir hissəsində telekommunikasiya xidmətləri göstərilir, yeni salınan yaşayış massivlərinin də xidmətlərlə təminatı istiqamətində müvafiq işlər görülür. 2024-cü ilin sonuna qədər Boradigah kəndi üzrə GPON texnologiyasının tətbiqi planlaşdırılır. Məlumat üçün bildiririk ki, qəsəbədə əlavə olaraq digər provayder tərəfindən də internet xidməti göstərilir.

Hazırda 50 rayon və şəhərdə işlər davam etdirilir və planlı şəkildə bütün rayonlar əhatə ediləcək. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır".

Nazirlik bildirib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə 1 milyondan çox ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə əhatə edilib. Bu da Azərbaycanın təxminən 42 faiz ev təsərrüfatını əhatə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun