"Bakı İstintaq Təcridxanasında saxlanılıram, 8 nəfərlik yerdə 15 nəfər saxlayırlar"
Ötən il həbs edilən Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Mahir Əzimovun oğlu Məhəbbət Əzimov iyunun 3-də Mərdəkan qəsəbəsində dənizdə boğularaq həyatını itirib.
M.Əzimov oğlunun dəfnində iştirak etmək üçün 3 günlük azadlığa buraxılıb.
M. Əzimov Abzas Media-ya deyir ki, sonuncu dəfə oğlu yanına gələndə görüşə icazə verilməyib:
“Ölümündən 2 gün əvvəl həbsxanaya gəlmişdi, şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün görüşə icazə verilməyib. Yoldaşım nə qədər yalvarıb, yenə icazə verməyiblər. Axırıncı dəfə oğlumu məhkəmədə gördüyümdür”.
Əzimov deyir ki, evə buraxılanda ona oğlunun ölümü ilə bağlı heç nə deməyiblər, sadəcə sınaq müddəti üçün icazə verildiyini bildiriblər:
“Çağırdılar ki, rəis Elnur İsmayılovun otağına get. Rəis otaqda yox idi deyə əməliyyatçıya zəng etdilər, danışdıq. Oğlumun öldüyünü demədi. Dedi ki, "səni 3 günlük buraxacağıq”.
MBH üzvü Mahir Əzimov 2022-ci ilin iyulunda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə) ittiham olunur. Həbsindən 1 ilə yaxın vaxt keçsə də, məhkəmə hələ də yekunlaşmayıb: “İndi məhkəmə gedir, sübut edə bilmirlər deyə, məhkəmə də uzanır. Əməliyyatda iştirak etməyən adamlar gəlib məhkəmədə ifadə verirlər. İndi telefonların anten məlumatları ilə bağlı vəsatət verilib, ayın 9-u məhkəmədir. Bakı İstintaq Təcridxanasında saxlanılıram, 8 nəfərlik yerdə 15 nəfər saxlayırlar”.
Əzimov həbsinin qanunsuz olduğunu, sosial şəbəkələrdə qazilərin, şəhid ailələrinin problemlərilə bağlı paylaşımlar etdiyi üçün həbs olunduğunu bildirir.
Əzimov deyir ki, cəmiyyətdən gözləntiləri var: “Gözləntim sivil, gözəl cəmiyyət, Avropaya inteqrasiya, Avropanın iqtisadiyyatını, texnologiyalarını ölkəyə gətirməkdir”.