Taksilərlə bağlı yeni qanunvericilik bazası gəlir, qiymətlər qalxacaq
Parlamentə taksilərlə bağlı yeni məhdudlaşdırıcı qaydalar gətirən qanun layihəsi təqdim olunub. Qanun layihəsində “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur.
Yeni dəyişikliklərlə sərnişindaşıma xidməti göstərmək istəyənlər ölkədaxili sifarişli daşımalar üçün buraxılış vəsiqəsi, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün buraxılış vəsiqəsi, taksi sifariş operatoru fəaliyyətinə icazə sənədləri almalı olacaqlar.
Bundan əlavə, Azərbaycanda taksi sifarişi xidməti göstərmək istəyən xarici şirkətlər ölkədə filial və yaxud nümayəndəlik yaratmalı olacaqlar.
Taksi sahəsində sürücü və ya şirkət kimi fəaliyyət üçün 125 manatdan 3000 manata kimi tariflər müəyyənləşib.
Mayda “Pasha Holding” MMC-nin törəməsi “Umico” (Competo MMC) Ukraynaının “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb. “Uklon Azərbaycan” MMC 2 fevral 2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Elə bundan sonra hökumətə yaxın mediada taksi sahəsində “xaotik” vəziyyətin olması ilə bağlı materiallar dərc olunub.
Parlament üzvləri də hazırkı qanunvericiliyin səmərəsiz olduğunu bildirirlər. Əlavə edirlər ki, qanunvericilik bazası olmadığına görə xarici şirkətlər qiymət tənzimləməsilə yerli şirkətləri "süni şəkildə" bazardan çıxarır, "sürücüləri istismar edir". Eyni zamanda, taksi fəaliyyətilə məşğul olan şəxslərin lazımi yoxlamalardan keçmədiyi və bunun da problemlərə səbəb olduğu qeyd olunur.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, taksi xidmətindən həm sürücülər, həm də sərnişinlər narazılıq edirdi. Onun sözlərinə görə, yeni qanun layihəsi bu fəaliyyəti nizama sala bilər: “Böyük xarici şirkətlər yerli şirkətləri süni şəkildə sıxışdırıb, bazardan çıxarırdı. Qiymətlər çox aşağı olurdu və taksi sürücüləri çox pul qazanmaq üçün istirahət etmədən, normal iş saatından daha çox işləyirdilər. Bu da xidmətin keyfiyyətinə təsir edirdi. Ancaq taksilərdən tələb olduğu kimi, onların normal fəaliyyəti üçün də şərait yaradılmalıdır. Bu gün ölkədə taksi dayanacaqları kifayət qədər deyil”.
Nəqliyyat üzrə ekspert Rövşən Həsənov da deyir ki, yeni dəyişikliklərin müsbət və mənfi tərəfləri var.
Onun sözlərinə görə, cərimə tətbiq etməmişdən əvvəl normal şərait yaratmaq, sonra cərimə tətbiq etmək lazımdır:
“İndi məcbur edirlər ki, taksilər sərnişinləri avtobus zolaqları olan yerlərdə, yolun 2-3-cü zolaqlarında mindirib-düşürməsinlər. Bu, belə olsa, qismən narazılığın qarşısını alacaq. Ancaq bunun üçün də alternativlər yaratmaq lazımdır. Bakı və Bakı ətrafı ərazilərdə taksilər üçün müəyyən edilmiş yerlər nə qədərdir? Normal şərait olmadığı halda taksi sürücüləri nə etsinlər?”.
Ekspert deyir ki, növbəti məsələ taxometrlərin quraşdırılmasıdır. O düşünür ki, bu, kağız üzərində qalacaq, çünki əvvəl ölkədə belə təcrübə olmayıb və avadanlıqların ölkəyə gətirilməsi, quraşdırılması zaman alacaq:
“Ancaq təhlükəsizlik baxımından müsbət dəyişiklik olacaq. Biz orta hesabla hər gün bir “Pirius” qəzası görürük, qəzaların sayı qismən azalacaq. Digər tərəfdən, tariflər dövlət tərəfindən nəzarətə alınacaq. Əgər beynəlxalq şirkətlər yerli şirkətləri süni şəkildə sıxışdıraraq, bazardan çıxara bilirdilərsə, taxometr qurlaşdırıldıqdan sonra bunu etmək çətin olacaq. Taxometr olduqda sürücünün özünə də nəzarət etmək mümkün olacaq. Çünki taksi sürücüsü durmadan 12 saat işləyirsə, bu, çox təhlükəli bir məqamdır. Ancaq bu avadanlıqlar çox bahadır, sürüclər bunları alıb qurlaşdırmağa nə qədər hazırdılar, bilinmir”- deyə Rövşən Həsənov bildirib.