Ona yaxın sakinin saxlanıldığı bildirilir
Bu gün Gədəbəyin Söyüdlü kəndində ekoloji problemə etiraz edən sakinlərə qarşı polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Məlumatı Abzas Media-ya kənd sakini Sahib Sadıqov verib.
Kənd sakinləri ərazidə işləyən qızıl şirkətinin 2012-ci ildə zəhərli tullantıları atmaq üçün yaratdığı göldən sonra ikincisinin tikintisinə başlamasına etiraz ediblər. Onlar bildirirlər ki, bu göl həm onların sağlamlığına, həm də təsərrüfatlarına ziyan verir.
“İndi də o göl dolub-daşır deyə ikinci göl tikirlər. Burada həm iyi-qoxudan əziyyət çəkirik, həm sağlamlığımız gedir, həm də təsərrüfatımız məhv olur. Kənddə xəstəliyə tutulub, qırılmışıq. Göldəki zəhərli maddələrə görə xəstəlik artıb, kənddə xərçəng xəstəliyi baş alıb gedir. Mal-qaramız da zərər görür”.
Sakin bildirir ki, dinc aksiyalarını polis gözyaşardıcı qaz və rezin güllə ilə dağıdıb.
“Polislər gözyaşardıcı qaz atdılar. Rezin güllədən xəsarət alan adamlar var. 10 nəfərə yaxın kənd sakinini polis bölməsinə aparıblar” - deyə Sahib Sadıqov bildirib.
Kənd sakinləri bildirirlər ki, etirazlardan sonra ərazidə polis nəzarəti altında texnika işləyir:
“Gədəbəy rayon İcra Hakimiyyətinə də getmişdik, dedilər, qəbul ediləcəksiniz, qəbul etmədilər” - Sahib Sadıqov deyir.
Söyüdlü kənd icra nümayəndəsi Nahid Allahverdiyev Abzas Media-ya deyib ki, aksiyanı polis dağıtmayıb, sakinlər özü ərazidən uzaqlaşıb: “Bu gün 50-yə yaxın adam etiraz edirdi. Onların etiraz etdiyi göl 12-13 ildir ki, var. Sakinlər etiraz edib, dağılışdılar. Şikayəti olanlar hələ də dinlənilir”.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev Abzas Media-ya bildirib ki, polisin davranışı adekvat olub: “Sakinlər tikintiyə qanunsuz müdaxilə ediblər, polis bunun qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edib. Polisin davranışı adekvat olub”.
1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-nin "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir.