Gözyaşardıcı qazdan istifadə edən polisi müəyyən etmək çətindirmi?
Gədəbəy rayonunun Söyüdlü kəndində qeyri-rəsmi məlumatlara görə, 10 nəfərdən çox sakin saxlanılıb. Onlardan 5 nəfəri inzibati qaydada 20 sutka həbs olunub. Digər şəxslərlə bağlı Daxili İşlər Nazirliyi nə saxlanılanların ailələrinə, nə də mediaya məlumat verir.
DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov Abzas Media-ya bildirib ki, saxlanılanların sayı barədə onda məlumat yoxdur.
İyunun 20-də sakinlər qızıl-mədən şirkətinin sianidlə zəhərli ikinci süni göl salmasına etiraz ediblər və tikintinin dayandırılmasını tələb ediblər. Hadisə zamanı polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Yayılan görüntülərdə polisin qadınlara yaxın məsafədən gözyaşardıcı qaz tətbiq etdiyi görünür. Hadisənin növbəti günü DİN açıqlama yayıb ki, polis "emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bu əmələ hüquqi qiymət veriləcək".
Hadisənin üstündən 6 gün keçsə də, həmin polislər müəyyən edilib, cəzalandırılmayıb.
DİN rəsmisi Zeyni Hüseynov bildirib ki, polislərlə bağlı araşdırma aparılır:
"Hazırda həm sakinlərin, həm də polis əməkdaşlarının müraciətlərinə əsasən araşdırma aparılır. Araşdırma hələ yekunlaşmayıb. Məlumat veriləcək".
Bəs gözyaşardıcı qazdan istifadə edən polisi müəyyən etmək çətindirmi?
Polis haqqında qanunun 27-ci maddəsində göstərilib ki, polis xüsusi vasitələrdən istifadə etdikdə bu barədə rəhbərliyə mütləq məlumat verməlidir.
"Fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir"- qanundan çıxarış.
Bəs xüsusi vasitələrdən istifadə etmiş polislər bu barədə rəhbərliyə yazılı məruzə ediblərmi?
Gədəbəy rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildirdilər ki, rəhbərlik işdə olsa da, suallara cavab verə bilməz.
"Suallarınıza yalnız DİN cavab vermək səlahiyyətindədir"- növbətçi hissədən bildirdilər.
DİN-in mətbuat xidmətindən bu sualımıza cavab ala bilmədik.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.