“ABŞ prezident Əliyev hökumətinin qanunsuz saxladığı siyasi məhbusları unuda bilmir”
ABŞ senatoru Dik Durbin bazar ertəsi Azərbaycan hakimiyyətini ADR Hərəkatının lideri Qubad İbadoğlu və siyasi fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb.
“ABŞ prezident Əliyev hökumətinin qanunsuz saxladığı siyasi məhbusları unuda bilmir”,- Dik Durbin bildirib.
“Turan”ın məlumatına görə, senatda ikinci dərəcəli demokrat senator Dik Durbin bundan əvvəl də Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə və “bunun əvəzinə demokratiyalar birliyinə qoşulmağa” çağırmışdı.
Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
İbadoğlu ittihamları rədd edir və həbsinin siyasi sifariş nəticəsi olduğunu bildirir.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunaraq saxlanılıb. O, məhkəmə prosesi zamanı qarşı tərəfə, Ülviyyə Alovluya xəsarət yetirməkdə təqsirləndirilir. Saxlanılmasından sonra ona ilkin istintaq müddəti üçün 1 ay 20 gün həbs verilsə də, sonradan bu müddət müxtəlif əsaslarla dəfələrlə uzadılıb.
Hacıyev də bütün ittihamları rədd edir. Həbsinə etiraz olaraq 51 gün aclıq aksiyası keçirən fəal fevralın 28-də aclığı dayandırıb.
Hər iki fəala qarşı bu yaxınlarda həbsxanada yeni ittihamlar irəli sürülüb.