ATU-nun dosenti: “Dərman yazanda pasiyentin maliyyə vəziyyətinə baxırıq, yaxşı deyilsə, həmin qrupdan olan daha ucuzunu yazırıq ki, pulsuzluğa görə dərmansız qalmasın”
Avropa Kardioloji Cəmiyyəti və Avropa Profilaktik Kardiologiya Assosiasiyasının ürək-damar xəstəliklərilə bağlı tədqiqatının Azərbaycan üzrə nəticələri açıqlanıb. Araşdırmalarda ürək-damar xəstəliklərinə nəzarətin hələ qənaətbəxş olmadığı, onları xarakterizə edən klinik-laborator göstəricilərin səviyyələrinin beynəlxalq tövsiyələrdəki hədəflərə çatmadığı aşkar edilib.
Tədqiqatın Azərbaycan hissəsilə bağlı təşəbbüsçü və icraçı olan, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, Kardiologiya Cəmiyyətinin Kardioprofilaktika və Reabilitasiya işçi qrupunun rəhbəri Rəhimə Qabulova Abzas Media-ya deyib ki, məsələnin obyektiv və subyektiv tərəfləri var.
Onun sözlərinə görə, yüksək ürək-damar riski bütün MDB ölkələrinə aiddir və böyük stress amillərilə bağlıdır.
“Sovetlər Birliyi ilə birlikdə səhiyyə sistemləri də dağıldı, müharibələr oldu. Azərbaycan da yüksək riskli ölklərin siyahısında olduğu üçün biz bu məsələni qaldırdıq ki, araşdıraq görək vəziyyətimiz Avropadan hansı səviyyədə aşağıdır.
Əslində özümüzü Avropa ilə müqayisə etməyimiz düzgün deyil. Çünki onlarda səhiyyə sistemi başqadır, bizimki qədər stressə məruz qalmayıblar, müharibə görməyiblər. Qaçqınları yoxdur.
Bir tərəfdən də çox yağlı yemək yeyən insanların qan-damar sistemində aterosklerotik dəyişikliklər gedir.
Ona görə biz istədik araşdıraq ki, vəziyyət necədir və ürək-damar xəstəliklərindən ölümü azaltmaq üçün nə edə bilərik”.
R.Qabulova deyir ki, Azərbaycanda hamı xəstələnəndən sonra həkimə gedir, əhalidə özünü xəstəlikdən qorumaq mədəniyyəti yoxdur. Onun sözlərinə görə, icbari sığortanın tətbqiqi vəziyyəti müsbətə doğru dəyişsə də, bəzən dərman qiymətləri insanın qarşısına sədd qoya bilir:
“Əvvəl insanlar həkimə getmirdilər ki, pul çox çıxar. Ancaq icbari sığorta insanları sövq etdi ki, problem olanda gözləmədən həkimə getsinlər. Artıq bilirlər ki, dövlət hesabına müayinələrdən keçə bilərlər. Amma dərman qiymətləri də problem ola bilir. İnsan bu dərmanları içməlidir, amma almağa imkanı yoxdur.
Buna görə də bir araşdırma aparmaq istəyirik. Elə xəstəliklər var ki, həyat tərzinə çevrilir. Amma elə də olur ki, dərmanlarla korreksiya olunmalıdır. Biz araşdırmaq istəyirik ki, dərmanlarla korreksiya oluna bilən risk amillərinin korreksiyası niyə çətindir?
Həmişə dərman yazanda pasiyentin maliyyə vəziyyətinə baxarıq, yaxşı deyilsə, həmin qurpdan daha ucuzunu yazırıq ki, pulsuzluğa görə dərmansız qalmasın.
Biz bacardığımız qədər risk amilləri ilə mübarizə aparmalıyıq. Bunun üçün də əhalinin marifləndirilməsi lazımdır. Demək lazımdır ki, şirniyyat çox yeməyin, fiziki hərəkət edin. Piyada getmək olan yerlərə maşınla getməyin. Ofis şəraitində işləyən şəxslər həftə ərzində 150 dəqiqə orta intensivliklə və ya 75 dəqiqə yüksək intensivliklə fiziki işlə məşğul olmalıdırlar. Maariflənmiş insanlar bunu bacarar”.
Azərbaycanda ürək-damar xəstəlikləri risklərilə bağlı tədqiqat 2019-2022-ci illərdə müraciət etmiş xəstələrin klinik məlumatlarının analiziləri əsasında aparılıb.