Nazim Qasımov bildirib ki, hüquq-mühafizə orqanlarının Fazil Qasımovun işi ilə əlaqədar ədalətli qərar çıxaracağına şübhələri yoxdur
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və Bakıda həbs olunan azərbaycanlı alim, hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktoru Fazil Qasımovun qardaşı Nazim Qasımov qardaşının həbsi ilə əlaqədar açıqlama yayıb.
N.Qasımov “Facebook” hesabında yazıb ki, Fazilin ailəsinin onun həbsinin səbəbi haqda ətraflı məlumatı yoxdur.
“Əmin olduğumuz odur ki, bizim bütün ailəmiz, eləcə də, Fazil həmişə dövlətimizin yanında olub, möhtərəm cənab Prezidentimiz İlham Əliyevi dəstəkləyib və hər zaman öz həyatımızda və fəaliyyətimizdə Azərbaycan Respublikasının qanun və normaları çərçivəsində olmağa çalışmışıq. Heç bir mətbuat nümayəndəsi gözləməsin ki, biz hansısa açıqlamamızda dövlətimizə və onun rəhbərliyinə qarşı hansısa neqativ fikir bildirəcəyik”, – deyə açıqlamada qeyd olunub.
Həbsdə olan alimin qardaşı bildirib ki, F.Qasımov 2007-ci ildə 694 balla universitetə qəbul olunduqdan sonra prezident təqaüdünə layiq görülüb.
Onun sözlərinə görə, qardaşının qanun pozuntusu etdiyinə inanmasalar da, heç bir başqa instituta müraciət etməyəcəklər:
“Bizim yeganə ümid yerimiz həmişə olduğu kimi, yenə də dövlətimiz, onun möhtərəm Prezidenti və Azərbaycan Respublikasının hüquq-mühafizə sistemidir”.
Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib və Bakıda həbs olunub. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsi Qasımov barəsində 3 ay 12 gün həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham olunub. Onun həbsi barədə vəsatəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) verib.
Bundan əvvəl iyulun 23-də başqa azərbaycanlı alim Qubad İbadoğlu da saxlanılıb və eyni ittihamlarla həbs edilib.