Vəkilin bildirdiyinə görə, o, haqqında rəy verildiyi barədə Rəyasət Heyətinin iclasına 2 gün qalmış xəbər tutub
Vəkil Zibeydə Sadıqova Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 1-də keçiriləcək iclasına çağırılıb. Bu barədə o, öz Facebook səhifəsində məlumat verib.
Vəkil bildirib ki, Kollegiyadan ona barəsində rəy verildiyi deyilib. Amma rəyin nədən ibarət olması barədə məlumat verilməyib. Ona bildirilib ki, Vəkillər Kollegiyasına gəlib sənədi imzalayandan sonra rəyi əldə edə bilər. Zibeydə Sadıqova bu barədə iclasa yalnız 2 gün qalmış xəbər tutduğunu qeyd edib. Vəkilin fikrincə, insan haqlarını müdafiə etdiyinə görə barəsində intizam tədbiri görülməsi haqda qərar verilib.
“Nə baş verir? Bu nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil!” – deyə Sadıqova yazıb.
Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov məsələ ilə bağlı Abzas Media-ya bildirib ki, İntizam Komissiyasının iclası ilə bağlı vəkilə məlumat verilib.
"Zibeydə xanıma komissiyanın iclası ilə bağlı xəbər verilib. Komissiya üzvü ilə onun bu barədə yazışması da durur. Vəkil bildirib ki, iclasa gələcək, amma iclas təyin olunan gün iştirak etməyib. Komissiya Zibeydə xanımın iştirakı üçün iclası təxirə salıb, amma növbəti iclasa da Zibeydə xanım qatılmayıb".
Bu ilin iyulun 7-də Zibeydə Sadıqovanın həyat yoldaşı, vəkil Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb və onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilib. Bayram Orucov Elçin Sadıqovdan sonra onun xanımı Zibeydə Sadıqovanın da işinin Rəyasət Heyətinə çıxarılmasının siyasi qərar olması haqda iddiaları təkzib edib.
“Elə yanaşma ümumiyyətlə mövcud deyil. 2022-ci ilin sentyabrında Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçiləndə Vəkillər Kollegiyasının Rəyasət Heyəti onu müdafiə etdi. Sadıqovun özü mətbuata açıqlamasında Vəkillər Kollegiyasına göstərdiyi köməyə görə təşəkkür edib. Bizim onunla bağlı heç bir qərəzli mövqeyimiz olmayıb.
Zibeydə xanımın işi hələ yekunlaşmayıb. İntizam Komissiyasının rəyi də son rəy deyil. Şikayət daxil olubsa, bu, o demək deyil ki, nəsə pozuntu var. O qədər vəkil haqda şikayət daxil olur, bizim Komissiya rəy verir ki, burada pozuntu yoxdur.
Komissiya hər hansı bir rəyə gəldikdən sonra o rəyi Rəyasət Heyətinə göndərir. Artıq Rəyasət Heyəti pozuntunun olub-olmadığına qərar verəcək və onun əsasında xəbərdarlıq, irad, töhmət, yaxud fəaliyyətin dayandırılması barədə tədbirlər görüləcək. Pozuntu olmasa, heyət bu barədə də qərar qəbul edəcək”.
Vəkillər Kollegiyasının Aparat rəhbəri Zibeydə Sadıqovanın hansı işlə bağlı Rəyasət Heyətinin iclasına çağırıldığını deməkdən imtina edib. O, məlumatın konfedensial olduğunu və yalnız Rəyasət Heyətinin qərarından sonra açıqlana biləcəyini bildirib.
“Bəzən vəkillər şikayət edir ki, niyə mənimlə bağlı məlumatı ictimaiyyətə açıqlayırsınız? Biz onların konfidensiallığını qorumaq məcburiyyətindəyik. Elçin Sadıqovla bağlı məsələdə o, bunu özü ictimailəşdirdiyinə görə, biz də bəyanat verməli olmuşduq. Zibeydə xanımla bağlı yalnız Rəyasət Heyətinin qərarından sonra açıqlama verə bilərik. Əgər iş hazırda araşdırılırsa və bizim bütün prosedurlardan keçməyibsə, mətbuata heç nə açıqlamaq olmaz. Rəyasət Heyətinin qərarı olmadan nəsə açıqlasaq, işin mahiyyətinə təsir etmiş olarıq”.
Zibeydə Sadıqova uzun illərdir siyasi səbəblə həbs olunan şəxslərin, ictimai fəalların vəkili olaraq məhkəmə işlərinə çıxır.