Əbülfəz Bünyadovun sözlərinə görə, axtarış zamanı onun telefonu, kompüteri, DİN-ə yazdığı məktublar da daxil olmaqla digər sənədləri aparılıb
Avqustun 26-da Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Əbülfəz Bünyadovun evində axtarış aparılıb. Bu barədə o özü Abzas Media-ya məlumat verib.
Əbülfəz Bünyadov deyib ki, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən 7-8 nəfər evinə daxil olub.
“Nardaranda DTX-nın nümayəndəsi də onlarla birlikdə idi. Məhkəmə sənədi gətirmişdilər. Sənədə əsasən, hansısa cinayət işinin istintaqı çərçivəsində bizim evimizdə axtarış aparırdılar. Dəqiq bir məlumat yazılmamışdı. Onlar da bu barədə məlumat vermədilər”.
Hərəkat üzvü deyib ki, evinə gələnlər xüsusilə yazılı məlumat, şəkil axtarıblar.
“Bütün kitabları yerə tökdülər. Altını-üstünü bir-bir axtardılar. Kitabların içini axtardılar. Telefonumu götürdülər. Mən noutbukla gündəlik xəbər işləyirəm. Onu götürdülər. “Hard disk”im vardı, onu apardılar. Onun yaddaşında özümə aid fotolar və əlavə məlumatlar da var idi. Bir də şəxsi hesab kartım var, onu da apardılar. Bir dənə də kitabı götürdülər, “bunun qeydiyyatı yoxdur, içində Dini Komitənin qeydiyyat nömrəsi olmalıdır”, dedilər. Amma o kitab faktiki satışda olan kitabdır, bilmirəm qeydiyyatı var, ya yox. Digər kitab da “Qətl ilahəsi” adlı romandır. Avropalı yazıçının ən çox satılan əsəridir”.
Əbülfəz Bünyadov bundan əvvəl heç bir cinayət işi ilə bağlı şahid qismində istintaqa dəvət edilməyini bildirib. O, evindəki axtarışda iki nəfər hal şahidinin iştirak etdiyini də deyib.
“Yazdılar, pozdular həmişəki kimi. Mənə də göstərdilər yazdıqlarını ki, bunları götürürük evdən. Hətta biri telefonla digəri ilə danışırdı ki, evdə hər hansı şübhəli əşya müəyyən olunmayıb”.
Əbülfəz Bünyadovun fikrincə, həmin şəxslər məhz onun telefonu və noutbuku üçün gəliblər. O, şəxsi əşyalarını nə vaxt qaytaracaqları barədə heç bir məlumat verilmədiyini deyib.
“Başqa heç nə onlara maraqlı görünmürdü. Nə vaxt qaytaracaqları barədə heç bir şey demədilər. Dedilər ki, “araşdırırıq, yaxın vaxtlarda tək gəl, görüşək, danışaq. Əlavə sualımız da olsa, sənə deyərik”.
Hərəkat üzvü evinə gələn şəxslərin ad-soyadlarını demədiklərini bildirib.
“Bizdə hakimiyyətlə uyğunlaşmayan hər hansı bir xətt olanda onu mütləq hansısa formada susdururlar. Mindən artıq tutulan dindarın olması elə bunun bariz nümunəsidir. Onları əvvəl “İran casusu” adı ilə tutublar, sonra hamısının boynuna narkotik qoyublar. Ölkədə bu sistem hökm sürür”.
Müsəlman Birliyi Hərəkatının üzvü hazırda özü üçün heç bir təhlükə görmədiyini söyləyib.
“Mən gündəlik işləyirəm, hərəkatla bağlı məlumatlar alıram, onların bəzilərini xəbərə çevirirəm, mətbuatda yazılır. Yəni, mənim işim bundan ibarətdir. Bu baxımdan, işimin şəffaflığını və gördüyüm işlərin hansı istiqamətdə olmasını nəzərə alaraq, dəqiqliklə deyə bilərəm ki, heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Amma onların bunu hansısa qanun pozuntusuna çevirmək istəməsinə gəlincə, əvvəlki hadisələr buna nümunədir. Həbslə bağlı təşvişim yoxdur. Mənə görə, belə bir şey baş verməməlidir. Amma onlara görə baş verməlidirsə, olacaq. Yəni, bu, onların prinsipləridir”.
Əbülfəz Bünyadov deyib ki, həbsdən azad edilsə də, hələ də evi polis nəzarətindədir.
“Nardaran hadisələri olan gündən bizim qapımızda 24 saat polis dayanır. Hətta təxminən 4-5 il əvvəl Daxili İşlər Nazirliyinə, Vilayət Eyvazova bununla bağlı məktub yazdım ki, bu polislərin qapıda dayanmağının rəsmi adı nədir? Cavabında mənə demişdilər ki, “heç bir halda sizin qapınızda polis dayana bilməz, siz yalan danışırsız”. Dedim, bunun üçün kameraları açıb baxın, görün yalan danışıram, ya yox?
Sağlamlıqla bağlı xəstəxanaya gedəndə, həkim çağırnda və sairə, bütün hüquqlarım məhdudlaşdırılır. Elə indi kimsə canlı yayım açsın, mən də təcili yardım çağırım. Təcili yardım gələndə əvvəl qapıda saxlayıb nə ilə bağlı gəldiyini soruşacaqlar.
Ayda bir dəfə urologiya şöbəsinə gedirəm, gedəndə də mütləq Sabunçu Rayon 42-ci polis bölməsindən icazə almaq lazımdır. Həmişə bununla bağlı 40-50 dəqiqə yubanıram. Buradan çıxanda da hara getdiyimi, nə vaxt qayıdacağımı soruşurlar, hansı yollarla gedib-qayıtmalı olduğumu deyirlər. Yəni, bu sistem davam edir.
Maraqlısı odur ki, onlar axtarış zamanı DİN-ə, Vilayət Eyvazova yazdığım həmin məktubları da götürüb aparıblar”.
Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs edilib. Saxlanılarkən onun bir neçə güllə yarası aldığı və hərəkət qabiliyyətini tam itirdiyi bildirilib.
2018-ci ilin iyulunda o, 15 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə səhhətindəki problemlər əsas göstərilərək məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunub.