Siyasətçinin qardaşı: “Onu müayinə etmişdilər, nəticələri bizə bildirmədilər”
Həbsdə olan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunu müstəqil həkimlərin müayinə etməsinə şərait yaradılmır.
Abzas Media-ya bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib.
Q.Toğrul deyir ki, Qubad İbadoğlunun sağlıq durumu ilə bağlı narahatdılar :
“Təzyiqi, şəkəri normallaşmır. İçəridə də oksigen azdır, hərəkət etmək imkanları məhduddur. Ona görə səhhətilə bağlı problemlər hələ də davam edir. Biz Penitensiar Xidmətə müraciət etdik ki, şərait yaradılsın, Gürcüstandan müstəqil həkimlər dəvət edək, Qubad müəllimi müayinə etsinlər. Müraciətimizə cavab verilmədi”.
Avqustun 16-da Ombudsman Aparatı məlumat yayıb ki, Qubad İbadoğlu konfedensial qaydada qəbul edilib və müraciəti dinlənilib.
Q.Toğrul deyir ki, görüş indi yox, 7-8 gün əvvəl olub. Onun sözlərinə görə, Qubad İbadoğlu ilə ombudsman Səbinə Əliyeva yox, aparatın 2 əməkdaşı görüşüb:
“Səbinə Əliyeva Xaçatryanı (Vaqif Xaçatryan – Qarabağdan Ermənistana keçərkən Laçın yolunda Meşəli qırğınında iştirak ittihamı ilə həbs edilən qarabağlı erməni) ziyarət edəndən sonra ictimai qınaq yarandı ki, niyə Qubad İbadoğlunu ziyarət etmir. Bundan sonra özü getməyib, 2 nəfəri göndərib. Onlar da 15 dəqiqə söhbət edib, gediblər. Əgər doğrudan da şəraitlə maraqlanmaq istəyirdisə, özü gedib yerində tanış olardı”.
Q.Toğrulun sözlərinə görə, qardaşının azadlığa buraxılması üçün işlər davam edir:
“Beynəlxalq təzyiq xeyli artıb. Təşkilatlar Qubad müəllimin azadlığa buraxılması üçün ən yüksək səviyyədə işlər həyata keçirirlər. BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı bildirib ki, Qubad İbadoğlu azad olunmalıdır. Bu səviyyədə bir neçə bəyanat da var. Ümid edirik ki, beynəlxalq təşkilatların təsiri ilə Qubad müəllim teziklə azad olunacaq”.
Ədliyyə Nazirliyinin mətbuat xidməti Qubad İbadoğlunun səhhəti ilə bağlı suallarımıza cavab verəcəyini bildirsə də, daha sonra telefonları açmayıb.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan dörd nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, Qərb və Avropa ölkələrinin səfirlikləri Azərbaycan hökumətini Q. İbadoğlunun hüquqlarını təmin etməyə və onu azad etməyə çağırıb.