Emin Bayramov: “İçində atamın viza sənədlərinin, bank sənədlərinin, iş sənədlərinin surəti olan çantamı götürüblər”
Həbsdə olan siyasətçi Qubad İbadoğlunun Amerikada yaşayan oğlu Emin Bayramovun yaşadığı evə basqın olub. Abzas Media-ya bu barədə Emin Bayramovun özü məlumat verib.
Bayramov deyir ki, hadisə 18-19 avqust arası Nyu-Cersi ştatında, qrup yoldaşları ilə birlikdə yaşadığı evdə baş verib:
“Mən bir müddət idi ki, evdə yox idim, qayıdanda otağım tamamilə dağıdılmışdı. Evdə başqa kimin otağına girsən, tər-təmizdir, qatlanmış paltarları belə yerindədir. Təkcə mənim otağıma girəndə görürsən ki, kimsə gəlib, elə bil, dünya müharibəsi baş verib içəridə. Hər şey yerdə idi, paltarların hamısı dağıdılmışdı. Bu məsələ mən evə gəlməzdən son 24 saat içində olub. Çünki 24 saat əvvəl evdə otaq yoldaşım olub, sonra o gedib. Başqa niyyət olsaydı, evdə bahalı əşyalar var idi, götürüb apara bilərdilər. Kimsə götürüb vərəqlərimi atıb yatağımın üstünə, bir-bir baxıb içində nə var. Çantamı götürüblər, içində də mənim viza sənədlərim, atamın viza sənədlərinin, bank sənədlərinin, iş sənədlərinin surətləri”.
Emin Bayramov deyir ki, o, hadisəni Azərbaycan dövlət orqanlarının törətdiyini düşünür. Onun sözlərinə görə, ABŞ-da atasının həbsi ilə bağlı görüşlər keçirib və bu hökumətin xoşuna gəlməyə bilər:
“Çox qorxuludur ki, bu qədər yaxın gələ bilirlər. Bunlar hamısı Azərbaycan dövlətindən gözlənilən bir şeydir. Beynəlxalq hüquq müdafiəçilərilə danışdım, dedilər ki, bu klassik taktikadır, səni qorxutmağa çalışırlar. Elə bil, göz dağı verirlər ki, biz burdayıq, səni tanıyırıq. Polisə şikayət etmişəm, ərazi kamera nəzarətində idi. Ancaq mən qorxmuram. Atamı orda tutublar, yemək vermirlər, dərman vermirlər, ölümə məhkum ediblər. Az da olsa qorxum yoxdur və görüşlərimi davam etdirəcəm. Kimlər bunu edibsə, onlar başa düşməzlər ata sevgisi nədir, ölkə sevgisi nədir. Onlarda bu yoxdur”.
Bayramov ABŞ-nin Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin 4-cü kurs tələbəsidir.
Azərbaycan hökumətinin yetkililəri Q. İbadoğlunun oğlunun ittihamları ilə bağlı hələ ki, heç bir münasibət bildirməyib.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan dörd nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, Qərb və Avropa ölkələrinin səfirlikləri Azərbaycan hökumətini Q. İbadoğlunun hüquqlarını təmin etməyə və onu azad etməyə çağırıb.