Şirkət fəaliyyətinə davam etdiyini və mobil tətbiqinin aktiv olduğunu da bildirib
“Volt Azərbaycan” fəaliyyətinin dayandırılmasına dair ötən gün yayılan xəbərlərlə bağlı açıqlama yayıb.
Report.az-ın dərc etdiyi açıqlamada qeyd olunur ki, “Volt Azərbaycan”ın fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur.
“Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib.
"Wolt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. Şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər”, – deyə açıqlamada qeyd olunub.
Avqustun 14-də Qida Təhlükəsizlik Agentliyi “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edildiyi haqda məlumat yayıb. Agentlik bunu şirkətin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsilə əlaqələndirib.
“Qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub”, – deyə AQTA-nın açıqlamasında qeyd olunub.
AQTA avqustun 15-də məsələ ilə bağlı növbəti dəfə açıqlama verərək bildirib ki, qurum şirkətdə konkret istiqamətlər üzrə pozuntu aşkar edib və nəzarət tədbirlərini daha da genişləndirəcək.
İqtisadçı ekspert Elçin Rəşid Abzas Media-ya açıqlamasında deyib ki, AQTA-nın açıqlaması ölkə iqtisadiyyatının əleyhinədir: “Gözləmək olar ki, onlar hansısa yeni şirkətin yoluna xalça döşəyirlər”, - deyə o güman edib.