Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib

Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib Foto: musavat.com
5 Sentyabr 2023
Mətni dəyiş

Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışına qadağa qoyulub


Avropa İnsan Haqları Məhkəməsi  39-cu qaydanı əsas tutaraq 45 gündür həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.

Bu barədə onun qardaşı Qalib Toğrul öz sosial şəbəkə hesabında məlumat verib. 

“İşə dərhal baxılmasının səbəbi qardaşımın səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır”.

Məhkəmənin 39-cu qaydası müstəsna hallarda tətbiq olunur. "Məhkəmə üzv dövlətə yalnız bütün müvafiq məlumatları nəzərdən keçirərək, ərizəçinin əvəzi bərpa olunmayan zərərin qaçılmaz riski ilə üzləşəcəyini hesab etdikdə belə tədbiri tətbiq etməyə istiqamətləndirir"- deyə Avropa İnsan Haqları Məhkəməsinin 39-cu qaydasında qeyd olunub. 

Qalib Toğrul həmçinin bildirib ki, Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub. 

“Qadağa təkcə Bayramovlara deyil, digər soyaddan olan qohumlarımıza da tətbiq olunub. Qanunvericiliyə görə, ölkədən çıxış qadağası məhkəmə qərarı ilə həyata keçirilə və yalnız adı cinayət işində təqsirləndirilən şəxs qismində keçənlərə qoyula bilər. Halbuki, Qubad müəllimə qarşı uydurulmuş qurama cinayət işində hansısa qardaşının və ya qohumunun adı heç şahid qismində də keçmir”, – Qalib Toğrul qeyd edib.

Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun