“TikTok”a girişin rəsmən məhdudlaşdırıldığı bildirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, 19 sentyabrdan etibarən, “TikTok” sosial şəbəkəsinə girişə məhdudiyyət tətbiq olunub.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, – deyə xidmətin məlumatında deyilir.
Sosial şəbəkəyə niyə məhdudiyyət tətbiq edildiyi isə açıqlanmayıb. Ancaq Azərbaycanda “TikTok”la yanaşı “Google Play” və “AppStore”a girişdə də problemlər yaşanır.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
Azərbaycanda internetə məhdudiyyət sonuncu dəfə 27 sentyabr 2020-ci ildə, İkinci Qarabağ Müharibəsi başalayan zaman tətbiq edilib. Həmin vaxt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi açıqlamasında qeyd olunmuşdu ki, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.
Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.
Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən yolun 58-ci kilometrində əvvəlcə AAYDA-nın iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.
Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb:
“ ‘Kamaz’ markalı avtomobil Xocavənd rayonunun Tağaverd kəndi ərazisində tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, nəticədə polis əməkdaşları Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov, Xəzər Zamanov həlak olublar. Məsələ ilə bağlı cinayət işi qaldırılıb”, – DİN-in məlumatında deyilir.
Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror” tədbirlərinə başlanılıb.
Daxili İşlər Nazirliyi Qarabağdakı “antiterror”tədbirləri ilə bağlı dezinformasiya yayanlara xəbərdarlıq edib, təxribatlar olacağı təqdirdə qarşısının alınacağı bildirilib.