Müdafiə Nazirliyi Azərbaycan ordusundakı itkilərin sayını açıqalamasa da, həlak olan hərbçilərin bəzilərinin adları artıq məlumdur
“Oğlum həmişə bizi arxayın edirdi ki, müharibə olmayacaq. Bizi inandırırdı ki, hər şey yaxşı olacaq”.
Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsində keçirilən son hərbi əməliyyatlar zamanı həlak olan hərbiçilərdən biri - Mingəçevir sakini Xəyal Canbaxışovun atası Xeyrulla Canbaxışov Abzas Media-ya danışır:
“Əsgərliyi qurtarıb gəlib, yenidən orduya yazılmışdı. 6-cı ayı idi əsgər kimi xidmət edirdi. Şəhid olmamışdan 3 gün qabaq evdə idi, dedi, narahat olmayın, müharibə olmayacaq, Ermənistan nəsə eləsə, cavabını verərik. Uşaqlıqdan hərbçi olmaq istəyirdi, bu işə çox həvəsi vardı. Özü də idmançı idi, evdə cüdo üzrə çoxlu medalları da var”.
Müdafiə Nazirliyi sentyabrın 19-da başlayan hərbi əməliyyatlarda Azərbaycan ordusunun verdiyi itkilər haqda məlumatı hələ açıqlamasa da, bəzi adlar artıq məlumdur. Döyüşlərdə həlak olan hərbçilər öz yaşadıqları ərazilərdə rəsmi dəfn mərasimi ilə torpağa tapşırılırlar. Xəyal Canbaxışov da onlardan biridir.
Masallının Sığdaş kənd sakini, müddətdən artıq hərbi xidmət keçən İsmayıl İsayev də son döyüşlərdə həyatını itirib. İsayevin əmisi Müstəcəb İsayev deyir ki, qardaşı oğlu hərbi xidməti başa vurduqdan sonra, orduya yazılıb.
Onun sözlərinə görə, 2 ildən çox idi ki, leytenant kimi xidmət edirdi:
“Ali təhsilli idi. Şəhid olmamışdan əvvəl anasına mesaj göndərib ki, sağ-salamatam, hər şey yaxşıdır. Çox vətənpərvər olub həmişə. Özü də idmançı idi, çox cəsur oğlandı. Müxtəlif döyüş növləri üzrə çoxlu medallar qazanmışdı. Evə tək çörək gətirən o idi, dünən axşam da nəşini gətirdilər”.
Müdafiə Nazirliyi ordudakı itkilərlə bağlı Abzas Media-nın sorğusunu cavablamayıb.
Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.
Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrində əvvəlcə AAYDA-nın iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.
Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb.
Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli “antiterror” tədbirlərinə başlanılıb.
Qarabağda tanınmamış “respublikanın rəsmiləri” Azərbaycanın iddialarını rədd edib və atəşkəs rejimini onların deyil, Azərbaycanın pozduğunu bildirib.
Sentyabrın 20-də tərəflər hərbi əməliyyatların dayandırılması və bir gün sonra Yevlaxda görüşməklə bağlı razılığa gəliblər.