Həyatını itirən polis əməkdaşlarından birinin iki azyaşlı uşağı atasız qalıb, digərinin isə bir ay sonra toyu olacaqmış, hər ikisi ailəyə çörək gətirən yeganə adam olub
“Aprelin 28-də nişanlanmışdı, noyabrın 12-də toyu olacaqdı. 8-9 ildir Çevik Polis Alayında işləyirdi. Dünən Qarabağa getməmişdən əvvəl mənimlə danışdı, dedi, gedirik ora, vətəndir, borcumuzu verməliyik. Nə olar, nə olmaz haqqınızı halal edin. Hamıdan halallıq aldı".
Bu sözləri 19 sentyabrda Qarabağda mina partlaması nəticəsində həlak olan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Asim Camalzadənin sinif yoldaşı, dostu Asim İsmayılov Abzas Media-ya deyib.
O bildirib ki, A. Camalzadə evə çörək gətirən yeganə şəxs idi.
"Son vaxtlar tez-tez birlikdə otururduq, özü də elə deyirdi ki, şəhid olacam. Müharibədən sonra bu sözü tez-tez deyirdi”, – deyə Asim İsmayılov əlavə edib.
Mina partlaması nəticəsində həlak olan digər polis əməkdaşı Ramil Şirinovun qaynatası Natiq Orucov isə Abzas Media-ya bildirib ki, onun iki azyaşlı uşağı atasız qaldı:
“8 ildir işləyirdi. Qarabağa tez-tez gedib-gəlirdi. Evdə yemək yeyəndə qəfil əmr gəlib, yeməyi yarımçıq qoyub, gedib. Çox vətənpərvər oğlan idi. 3 və 5 yaşlı 2 körpə uşağı qaldı. Ali təhsilli idi. Təhükə hiss edəndə də bizi arxayın salırdı həmişə. Evə təkcə çörək gətirən o idi”.
Sentyabrın 19-da gecə Daxili İşlər Naziliyinin 4, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin isə 2 əməkdaşı Qarabağda minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin başlatdığı cinayət işində isə hər iki hadisə “terror aktı” kimi təsnif edilib.
Rəsmi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində əvvəlcə AAYDA iki əməkdaşının - Fərhad Quliyev və Samir Sadıxovun olduğu avtomobil minaya düşüb və onlar həlak olublar.
Daha sonra polis əməkdaşları həmin əraziyə gəldikləri zaman onların da avtomobili minaya düşüb:
“ ‘Kamaz’ markalı avtomobil Xocavənd rayonunun Tağaverd kəndi ərazisində tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, nəticədə polis əməkdaşları Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov, Xəzər Zamanov həlak olublar. Məsələ ilə bağlı cinayət işi qaldırılıb”, – DİN-in məlumatında deyilir.
Bundan sonra Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.