Azadlıq Radiosunun və Abzas Media-nın suallarına da cavab verilməyib
Senyabrın 8-də Baş Prokurorluğun idarə rəisləri qurumun “Instagram” hesabında vətəndaşların suallarını cavablayıblar.
Yayımda idarə rəisləri Nemət Əvəzov, Elnur Musayev, Orxan İsayev, Natiq Hüseynov və Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev olub. Onlar ictimai əhəmiyyəti olan mövzulardan çox kadr məsələlərilə bağlı suallara cavab veriblər.
İdarə rəisləri Abzas Media-nın niyə öldürülən və təqibə məruz qalan jurnalistlərin işləri üzrə məsuliyyətə cəlb edilənlərin olmaması, eyni zamanda niyə vəzifəli şəxslərin korrupsiya əməlləri haqda mətbuatda dərc olunan faktlarla bağlı cinayət işinin açılmamasına dair suallarını cavabsız qoyublar.
“Azadlıq Radiosu”nun “Prokurorluq Britaniyada Azərbaycandan mənşəyi məlum olmayan təxminən 10 milyon funtsterlinq dəyərində müsadirə olunmuş vəsaiti geri qaytarmaq üçün hansı addımları atıb?” sualı da cavabsız qalan suallar arasında olub.
200 nəfərə qədər şəxsin izlədiyi yayımda ictimailəşən cinayət işləri üzrə sualların əksəriyyəti cavabsız qalıb.
Vətəndaşlar “Tərtər işi” üzrə əsas təqsirli şəxslərin niyə məsuliyyətə cəlb olunmamaları ilə bağlı sual ünvanlayıblar: “Əsas günahkarlar kənarda qalıb, niyə Bəkir Orucov şərlənərək həbs edilib?”; “Hər kəs məhkəmədə bar-bar bağırdı ki, mənə işgəncəni Mais Bərxudarov verdirib. Niyə o, məsuliyyətə cəlb olunmur?” kimi suallar cavabsız qalıb.
İdarə rəisləri “Nərmin işi”, “Şaurma N 1" restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin işi üzrə sualları da cavabsız qoyublar.
1 saatdan bir qədər çox davam edən yayımda əsasən prokurorluqda işə düzəlmək şərtlərilə bağlı, eləcə də Azərbaycan – Ermənistan münaqişəsi çərçivəsində baş verən cinayət halları üzrə suallar cavablandırılıb. Qeyd olunub ki, digər suallar Baş Prokurorluğun qaynar xəttinə ünvanlana bilər.