Tanınmamış “hökumət rəhbərinin müşaviri” David Babayan könüllü şəkildə Azərbaycana təslim olacağını bildirib
Qarabağdakı tanınmamış “respublika” özünü buraxdığını elan edib. Bu barədə tanınmamış “Artsax Respublikasının Prezidenti” Samvel Şahramanyan fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, qərar 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər çərçivəsində qəbul edilib. Fərmanda bildirilir:
"1.2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax Respublikası” öz fəaliyyətini dayandırsın.
2.Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir".
Bu arada, Xankəndidə tanınmamış “hökumətin rəhbərinin müşaviri” David Babayan könüllü olaraq Azərbaycana təslim olacağını bildirib.
Babayan bu barədə öz Facebook hesabında paylaşım edib.
“Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, - deyə o qeyd edib.
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində tanınmamış “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin sentyabrın 28-də yaydığı məlumata görə, 1968-ci il təvəllüdlü Ermənistan vətəndaşı Ruben Vardanyana qarşı AR Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.
Səbail rayon Məhkəməsində Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
DTX bildirir ki, cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.